Bakı Limanı “TransCaspian 2016” sərgisində – FOTO

Bakı Limanı “TransCaspian 2016” sərgisində – FOTO

“Limanın hədəfi böyük Avrasiya məkanında ticarət mərkəzinə çevrilməkdir”.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 11-13 may 2016-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisində öz stendi ilə təmsil olunub. 

Oxu.Az-a daxil olan məlumata görə, sərgidə Liman gördüyü işlər, əldə etdiyi yeniliklər və tətbiq etdiyi innovasiyalar barədə ziyarətçiləri məlumatlandırıb. 

Sərgi zamanı Limanın fəaliyyətini əks etdirən video-çarxlar, Liman əməliyyatlarının optimallaşdırılması üçün tədqim edilən yeniliklər, yaradılacaq Azad Ticarət Zonasının fəaliyyəti, o cümlədən bu Zonada regionda ilk dəfə tətbiq ediləcək innovasiyalar, habelə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intillektə sahib nəqliyyat vasitələri ziyarətçilərin böyük marağına  səbəb olub. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli Sərəncamına əsasən Yeni Bakı Limanı (Ələt terminalı) ətrafında Azad Ticarət Zonasının yaradılması ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində ən qabaqcıl layihələrdən biri olacaq.

Bu Zonanın yaranması ilə Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır.

“Bakı Limanının hədəfi böyük Avrasiya məkanında ticarət və logistika mərkəzinə çevrilməkdir. Bu baxımdan, bu kimi sərgilərdə iştirak  ən son nəqliyyat texnologiyalarının nümayişi, məhsulların satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından əlverişli imkandır.

Bakı Limanı mütəmadi olaraq ölkədə və xaricdə keçirilən sərgilərdə aktiv iştirak edir, potensial yerli və xarici investorlarla danışıqlar aparır və bu tendensiyanı gələcəkdə də davam etdirəcəkdir,” deyə Bakı Limanının Baş Direktoru Taleh Ziyadov deyib.

Xatırladaq ki, sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 

0
23