Son saatlaradək düşmənin verdiyi – İTKİ

Son saatlaradək düşmənin verdiyi – İTKİ

MN məlumat yaydı.

Aprelin 2-dən bu günə qədər Ermənistan silahlı birləşmələrinin cəbhənin təmas xəttindəki təxribatlarının qarşısının alınması nəticəsində düşmənin 350-dən artıq hərbi qulluqçusu, 13 tankı, 12 zirehli texnika və 15 artilleriya qurğusu məhv edilib.

Oxu.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq, Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edib. Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib.

Aprelin 3-dən başlayaraq  düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.

Həmin gün düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub. 

Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Aprelin 4-də erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. 

Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib. 

Həmin gün  birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə düşmənin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar.

Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.

Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub. 

0
18