Ziya Məmmədov: Bakı-Tbilisi-Qars sivilizasiyaları birləşdirəcək

Ziya Məmmədov: Bakı-Tbilisi-Qars sivilizasiyaları birləşdirəcək

“Layihə bu ilin sonunda istismara hazır vəziyyətə gətiriləcək”.

Azərbaycanda yol nəqliyyat infrastrukturu son illər ərzində xüsusilə inkişaf edərək yeni bir mərhələyə qədəm qoyub.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Bakıda 15-ci Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” (“TransCaspian 2016”) və 6-cı Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road & Traffic 2016”) sərgilərinin açılış mərasimində bildirib.

Nazir qeyd edib ki, 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təşkil edilmiş, təşəbbüs göstərilmiş Beynəlxalq Bakı İpək Yolunun Bərpası konfransında qərarlar və Bakı bəyannaməsi qəbul edilmiş və bundan sonra yol nəqliyyat infrastrukturu inkişaf etməyə başlamışdır. Ötən illər ərzində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilmiş və inkişaf prosesi bu gün də sürətlə davam etdirilir.

Bu gün Azərbaycanda bir çox layihələrin icra olunduğunu bildirən nazir qeyd edib ki, bütün bu layihələrin təşəbbüskarı və dəstəkləyəni Azərbaycan Prezidenti İlham Əliyevdir:

“Bu layihələrdən Bakı-Tbilisi-Qars yeni dəmir yolu koridorunun yaradılması, bunun məntiqi tərkibi olan Bakı Beynəlxalq Ticarət Limanının tikintisi və eyni zamanda keçən ilin sonunda Azərbaycan prezidenti tərəfindən qəbul edilmiş qərara əsasən, Şimal-Cənub dəhlizinin yeni bağlanması tikintisi, eyni zamanda Qərb-Şərq dəhlizinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Xüsusilə, Bakı-Tbilisi-Qars yeni dəmir yolunun layihəsi barəsində demək istərdim ki, bu layihə həqiqətən də ölkəmiz, region, Avrasiya məkanı üçün böyük əhəmiyyət kəsb edir. Bu, tarixdə ilk dəfə yaradılan, Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirəcək yeni bir nəqliyyat dəhlizidir.

Bu dəhlizə maraq Mərkəzi Asiya ölkələrindən tutmuş, Avropanın Şimalına qədər böyük bir ərazini əhatə edir və güman edirəm ki, bu layihə bu ilin sonunda istismara hazır vəziyyətə gətiriləcək.

Eyni zamanda bildirmək istərdim ki, bu layihənin icrası çox mürəkkəb bir relyef təşkil edən ərazidə inşa edilib, çoxlu sayda tunellər, müxtəlif yol qovşaqları tikilib istismara hazır vəziyyətə gətirilib”.

Bakıda keçirilən sərginin əhəmiyyətindən danışan nazir Ziya Məmmədov qeyd edib ki, müasir dövrdə innovasiya texnologiyaları, yeni müasir avadanlıqlar olmadan sürətli inkişafa nail olmaq olmazdı.

“Bugünkü sərgidə təxminən ölkəmizin dövlət və özəl sektoru da daxil olmaqla, 75-ə qədər şirkət iştirak edir. Bundan təxminən 40-ı məhz xarici dövlətlərin şirkətləridir.

Şübhə yoxdur ki, bu gün təqdim olunan sərgi eksponantları və sərgidə təqdim olunan müəyyən texnologiyalar, avadanlıqlar bir çox yeri və xarici şirktlərin diqqətini cəlb edəcək, biznesin inkişafında mühüm rol oynayacaq və yeni əməkdaşlıq imkanları yaradacaq”, - deyə nazir bəyan edib.

0
27