Tərtərdə qızıl-zinət əşyaları oğurlayan cinayətkar dəstə tutulub - FOTO

Tərtərdə qızıl-zinət əşyaları oğurlayan cinayətkar dəstə tutulub - FOTO

Cinayətdə istifadə olunan maska, əlcək, bıçaq və digər vasitələr götürülüb.

Tərtər rayonunda evlərdən oğurluq edən və 74 min manatlıq qızıl-zinət əşyaları oğurlayan cinayətkar dəstə tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Tərtər Rayon Polis Şöbəsindən məlumat verilib.

Belə ki, Ramiz Əmrah Oğlu Məmmədov Tərtər Rayon Polis Şöbəsinə gələrək, naməlum şəxslərin ona basqın edərək əlində olan 74 min manat dəyərində qızıl-zinət əşyalarını zorakılıq yolu ilə oğurlandığını bildirib.

Tərtər RPŞ-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfərdən ibarət cinayətkar dəstə saxlanılıb. Bunlar Tərtər rayon sakinləri Elnur Silavik oğlu Ağazadə, Elgiz Şahin oğlu Paşayev, İlqar Vahid oğlu Humbətov və Cəlil Raqub oğlu Əmirlidir. Onlar oğurladıqları zinət əşyalarını Bakı şəhərində satıblar və əldə etdikləri 34 min manatlıq “qazanc”ı öz aralarında bölüblər. Həmçinin, həmin vəsaitdən özlərinə müxtəlif markalı avtomobillər alıblar. 

Polis əməkdaşlarının avtomobilə keçirdikləri baxış zamanı cinayətdə istifadə olunan maska, əlcək, bıçaq və digər vasitələr aşkar edilib. Bundan başqa, oğurlanan qızıl-zinət əşyalarının brilliant qaşları da avtomobildən maddi sübut kimi götürülüb.

İstintaq zamanı müəyyən edilib ki, cinayətkar dəstə rayon ərazisində başqa evlərdən də oğurluq edərək vətəndaşlara xeyli ziyan vurub.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, R.Məmmədov Tərtər rayon sakinidir və qızıl alqı-satqısı ilə məşğul olur. 

0
161