İngiltərədə “Gənc Səslər, Qədim Nəğmə” filminin ilk nümayişi keçirilib

İngiltərədə “Gənc Səslər, Qədim Nəğmə” filminin ilk nümayişi keçirilib

Mayın 9-da London Universitetinin Afrika və Şərq Araşdırmaları Məktəbinin (SOAS) “Bruney” qalereyasında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) istehsalı və Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun müəllifi olduğu “Gənc Səslər, Qədim Nəğmə” adlı sənədli filmin ilk nümayişi keçirilib.

APA-nın xəbərinə görə, filmin premyerası TEAS-ın təşkilatçılığı ilə baş tutub. TEAS-ın təşəbbüsü ilə çəkilən filmdə Qarabağdan didərgin düşmüş gənc muğam ifaçılarının milli musiqimizə sevdasından və doğma yurda olan həsrətdən bəhs edilir.

Tədbirdə qeyd olunub ki, muğam sənəti Azərbaycanın Qarabağ bölgəsində təşəkkül tapıb. Azərbaycanın tarixi bölgəsi artıq 25 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal edilib. Diqqətəlayiqdir ki, Qarabağdan olan uşaqlar muğam kimi mürəkkəb incəsənət üslubunda çox böyük istedadla ifa edirlər. 2000-ci ildə Cefri Verbok azərbaycanlı məcburi köçkün və qaçqınların məskunlaşdığı düşərgələrdə onları üzə çıxarmaq üçün axtarışa başlayır. Sözügedən filmdə C. Verbokun vaxtı ikən dinlədiyi üç uşaq ifaçının yeni köçkün qəsəbələrində axtarışları, onların indiki həyatı və musiqi bacarıqlarının necə inkişaf etdirməsi haqqında söz açılır.

Cefri Verbok muğam sənəti ilə 1973-cü ildə maraqlanmağa başlayıb və bunun nəticəsində üç milli Azərbaycan alətində - ud, tar və kamançada ifa etməyi öyrənib. İndi isə, o, Avropa, ABŞ, İsraildə ustad dərsləri və konsertlər keçirərək muğamın mənəvi əsaslarını, musiqiçilər və müəllimlər arasında üslubların necə ötürüldüyünü, bu qədim musiqinin üsul və incəliklərini izah edir.

Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib: “Bu gün faşizm üzərində qələbə günüdür və biz İkinci Dünya müharibəsində həyatlarını itirmiş 400 mindən artıq azərbaycanlının xatirəsini yad edirik. Nasistlər Bakının neft yataqlarını ələ keçirə bilsəydilər, müharibənin nəticələri tamamilə fərqli ola bilərdi. Muğam öz əsasını Ermənistan tərəfindən işğal edilmiş Qarabağdan götürür. Qarabağlı uşaqlar bu qədim musiqini xüsusi istedadla ifa edirlər və bu axşam nümayiş etdirilən film Cefrinin ilk dəfə məcburi köçkün düşərgələrində dinlədiyi uşaqların axtarışını göstərir”.

C. Verbok isə deyib ki, ilk dəfə Qarabağdan olan azərbaycanlı uşaqların muğam ifası fenomeni haqqında eşidəndə buna skeptik yanaşıb: “Lakin bu, mənim marağıma səbəb oldu. Baş çəkdiyim məcburi köçkün düşərgələrində məlum oldu ki, yüzlərlə uşaq bu qədim musiqini ifa etmək bacarığına malikdir”.

C. Verbokun sözlərinə görə, “Gənc Səslər, Qədim Nəğmə” filmini çəkməkdə niyyət film festivallarında və ya Hollivud kino sənayesində yer almaq olmayıb: “Filmdə bəhs edilən hekayənin əsas özəyi Dağlıq Qarabağ münaqişəsinə diqqəti çəkməkdir”.

Tədbir sual-cavab sessiyası ilə davam edib. Gecə Cefri Verbokun tar və kamançada ecazkar solo ifası ilə yekunlaşıb.

0
22