İlham Əliyev: Aprel döyüşləri xalqımızın gücünü nümayiş etdirdi

İlham Əliyev: Aprel döyüşləri xalqımızın gücünü nümayiş etdirdi

“Qələbə bizim ümumi qələbəmizdir”.

Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir. Bilirəm ki, döyüşçülərimizin qarşısında həmişə veteranlarımızın obrazı, Böyük Vətən müharibəsi veteranlarının nümunəsi dayanır. 

Bu gün veteranlarla söhbət əsnasında onlar mənə deyirlər ki, əgər lazım olarsa, biz onların imkanlarından da müharibə zonasında istifadə edə bilərik. Yəni, öz yaşlarına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində onlar bu gün öz rolunu oynamağa hazırdırlar.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbulda bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz tarixi keçmişinə çox böyük hörmətlə yanaşır.

“İkinci Dünya müharibəsində qazanılmış Qələbə bizim ümumi qələbəmizdir. Biz Azərbaycanda həm tarixi həqiqətləri qoruyuruq, imkan vermirik ki, tarix təhrif olunsun, eyni zamanda, müharibə veteranlarını da daim dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik.

Onu da qeyd etməliyəm, əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində 9 May – Qələbə Günü bayram kimi qeyd edilmirdi. Bayram siyahısından çıxarılmışdı. Ancaq ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu bayram bərpa edildi və bu gün bu bayram dövlət bayramı kimi qeyd edilir”, - deyə, İlham Əliyev bildirib.

0
25