Hitler – Braun:sevgi ilə başlayıb cəhənnəmlə bitən hekayə

Hitler – Braun:sevgi ilə başlayıb cəhənnəmlə bitən hekayə

Dəlicəsinə sevmək

1929-cu il idi. Adolfun 40, Evanın 17 yaşı var idi. Onlar ilk dəfə Haynrix Hofmanın Münhendəki fotoatelyesində qarşılaşdılar. Hitler o zamanlar kifayət qədər tanınırdı. Hofman da onun dostu idi. Eva, yəqin ki, onun kim olduğunu bilirdi. Amma Hitleri ona “cənab Volf” kimi tanıtdılar. Monastır pansionunda təhsil almış, mühafizəkar ailədə tərbiyə görmüş 17 yaşlı qızın qarşısına çıxan ilk nəzakətli kişi Hitler oldu. O, ilk baxışdan vurulmuşdu. Və elə o zaman özünə söz vermişdi ki, həyatının sonunadək bu insanla olacaq.

Cənab Volf royalda Verdinin və Vaqnerin əsərlərini çalırdı... Onun son dərəcə ifadəli, mehriban, iri gözləri və ürəkdən gələn xoş səsi vardı. Əynində dəri palto, başında yanları enli fetr şlyapa, əlində qısa qamçı olurdu: qamçı onun talismanı idi. Bütün bunlar, başlıcası isə küçə qapısında onu gözləyən və sükanı arxasında sürücü olan “Mersedes” gənc qıza güclü təsir göstərirdi. O, Evanın anlamadığı və bilmədiyi işlərdən ötrü Hofmanın yanına gəlirdi (Hofman gizli surətdə nasist partiyasına daxil olmuşdu).

Eva Braun uzun illər, demək olar ki, lap axıracan Haynrix Hofmanın fotoatelyesində açıqcaların topdan satışı ilə məşğul olurdu. O qəşəng olsa da tərs və şıltaq idi, dərslərinə bir qaydada baxmırdı, əslində ortadan da aşağı oxuyurdu.  Eva Hitleri “şef”, “fürer” və ya sadəcə “AH” çağırardı. O isə öz növbəsində onu nəvazişlə “Çaperl” adlandırırdı. Vyanada sevimli məxluqlara belə müraciət edirdilər.

Evanın yüngül və perspektivsiz əlaqəsi peşə məktəbinin müəllimi cənab Frits Braunu yaman pərt elədi. Üç qız (İlza, Eva, Qretl) atası olan bu cənab öz  övladlarına xoş tale arzulayırdı. Yaş arasındakı fərq bir yana dursun, Hitler onun qızını xoşbəxt edə biləcək ən münasib adam deyildi.  O, gecə-gündüz siyasətlə məşğul olduğundan tez-tez Evaya etinasızlıq göstərir, uzun müddət yoxa çıxır, qızı ağır iztirablar keçirməyə və qısqanclıq əzablarına dözməyə məcbur edirdi. O, ümumiyyətlə, haçansa Eva ilə evlənmək niyyətində deyildi. O, iddia edirdi ki, siyasətçinin nikah bağlamağa hüququ yoxdur, bir dəfə isə tənətənə ilə elan etmişdi ki, artıq... Almaniya ilə evlənmişdir! Bu bəhanələr Frits Braunu qane etmirdi. O, güman edirdi ki, vicdanlı adam həyat təcrübəsi olmayan, dərrakəsiz qızın hisslərindən sui-istifadə etməməlidir.

Hitler fürer olduqdan sonra  Eva və onun bacısı Qretl üçün ayrıca mənzil tutdu. O, Berlindən Münhenə gələrək bu mənzilə baş çəkirdi. Ata Braun bu vəziyyətdən narahat olaraq Hitlerə məktub da yazmışdı. Məktubdan bəzi sətirlər:

 “... Hər iki qızım - Eva və Qretl – onların sərəncamına verdiyiniz mənzilə köçdüklərindən mənim ailəm parçalanmışdır... bəlkə də mənim əxlaqa baxışım köhnəlmişdir: övladlar yalnız nikah bağlandıqdan sonra doğma evi tərk edir, valideynlərinin nəzarəti altından çıxırlar. Namus haqqında mənim təsəvvürlərim belədir. Hələ orasını demirəm ki, qızlarım üçün bərk darıxıram.

Cənab reyxkansler, mənim işimə xeyirxahlıqla yardım göstərməyiniz üçün Sizə son dərəcə minnətdar olardım. Axırda xahiş edirəm ki, qızım Eva yetkinlik çağlarında olsa da, bundan sonra onun müstəqil yaşamaq meylinə meydan verməyəsiniz və onu ailənin ağuşuna qayıtmağa həvəsləndirəsiniz. .

Çox böyük hörmətlə: Frits Braun” (Münhen 7 sentyabr 1935-ci il).

Amma Eva məktubun Hitlerə çatmasına imkan vermədi- cırıb tulladı. Atasını isə inandırıdı ki, fürer ona cavab vermək istəməyib.

Rəfiqəsi Gerdanın dediyinə görə Eva ailədə çox bədbəxt idi. Atası ona tətildə harasa getməyə icazə vermirdi, heç vaxt ona hədiyyə almırdı, onu otağa həbs edirdi. Valideynləri Hitlerlə münasibətinə görə onu daim danlayırdılar. Anansı deyirdi: “Kimdi o adam?, O nəvaxt səninlə evlənəcək? O səninlə fahişə kimi davranır, hə? Gör cavanlığını kimə sərf edirsən?”

Gerdanı  da uşaqlıq dostunun atası yaşında olan biriylə sevgi yaşaması çox narahat edirdi. Üstəlik o evlənməyi düşünmürdü. O, Evanın diqqətini dağıtmağa çalışır, onu müxtəlif gəzintilərə, qonaqlıqlara aparır, yaraşıqlı cavanlarla tanış edirdi. Eva isə Adolfdan xəbər gözləyirdi.

Amma xəbər yox idi. Hamı gəzintilərə gedəndə Eva telefonun başında onun zəngini gözləyirdi. Ağlına müxtəlif fikirlər gəlirdi, fikirləşirdi ki, artıq onu sevmir. Üstəlik şəhərdə gəzən xəbərlər isə lap can sıxıcı idi. Hitler qurultaylarda, iclaslarda, müxtəlif ziyafətlərdə daim qadınların əhatəsində olurdu.

İngiltərə aristokratı Mitfordun qızı Ledi Yuniti  Valkiri Mitfordla “Osteriya”da ilk görüşdə Hitler ona heyran olmuşdu. Görüş boyu komplimentləri əskik etməmişdi. Əlini öpərək: “İngiltərənin nəmli havası ingilis qadınlarının dərisini belə yumşaq edir”- demişdi. Bu görüşdən sonra Ledi Yuniti Hitlerdən ayrılmadı. Onları hər yerdə birlikdə görürdülər: Bayroytada, Berlində, Münhendə, Nürnberqdə partiya qurultaylarında və hətta Berxtesqadendə.

Bu xəbərləri alan Eva qısqanclıqdan dəli olurdu. Gözü heç kimi və heç nəyi görmürdü. O, 1932-ci ildə  canına qəsd etdi - atasının tüfəngi ilə sinəsinə vurdu. Amma sağ qaldı. 4 ay fürerdən xəbər ala bilməyən gənc sevgili ikinci dəfə - 1935- ci ildə - bir ovuc həb udaraq intihara cəhd etdi. Bu dəfə də bacısı İlza onu xilas etdi.

Gerdanın dediyinə görə, Eva yalnız bir dəfə başqa kişi ilə maraqlanıb. Bu 1935-ci ilin yayında ikinci özünəqəsddən sonra baş vermişdi.Onlar anası və kiçik bacısı ilə Bodenzeedə dicəlirdilər. İqtisadçı Peter Şillinq Hitlerdən qat-qat cavan idi və Evanın çox xoşuna gəlmişdi. “Bu ilk baxışda məhəbbət idi. Onlar bir-birilərinə çox yaraşırdılar” Gerda danışır. Amma bir qədər sonra Eva rəfiqəsinə dedi ki, onun həyatında yalnız bir kişi var və başqası ola bilməz. “Artıq çox gecdir”. Beləcə o, Şillinqlə bütün əlaqəni kəsdi və yenə də sevimli fürerinin yolunu gözləməyə başladı.

İkinci intihar fürerlə münasibətini dəyişdirdi. Hitler xəbəri eşidib təsirlənmişdi. O sevgilisinin əmrinə sürücü ilə “Mersedes” və xidmətçi verdi.

Gizli-qaçaq sevgi

1936-cı ildə Eva ilə Qretl artıq Münhendə Hitlerin onlar üçün aldığı evdə, Vasserburqştrasse, 12-də yaşayırdılar. Bu ev Evanı valideynləri ilə barışdırdı.

Tezliklə daha bir hədiyyə gəldi - çoban iti Basko; sonra isə 3 pudel: Nequs, Katuşka və Ştazi mənzilə gətirildi. Evdə gecə-gündüz pudellər zingildəyir, çoban iti ulayırdı... Hitler bəzən gizlicə buraya gəlir, çalışırdı ki, heç kəsin gözünə görünməsin. Onlar ancaq kitabxanada, iki katibənin müşaiəti ilə nahar edərdilər. “Şef” heç vaxt Evanı dəbdəbəli ziyafətlərə aparmazdı, “çaperl”-in təkidinin cavabı isə  hər zaman belə olardı: “Evi, sən kübar həyat üçün yaradılmamısan... Sən mənim üçün çox qiymətlisən... Mən sadəcə sənin təmizliyini və bakirəliyini qorumağa məcburam... Berlin – günah şəhəri Babil kimidir... Həyat çirkli və ikiüzlüdür, anla”. Bu sözlərə Eva sakitcə başını yelləsə də, əslində əziyyət çəkirdi.

7 illik tanışılıq dövründə Eva çox qəşəng geyinirdi və buna görə hamıdan seçilirdi. O, gün ərzində 6-7 dəfə əynini dəyişirdi və bol cəvahirat taxardı: boyunbağı, bröş, bilərzik və brilliant işləməli saat. Daha çox tünd tonlara üstünlük verərdi və o dövr dəbdə olan hündür daban tufli geyinməzdi, mənasız sayardı.

Eva Hitlerin də geyiminə diqqət edirdi: “Bax Mussoliniyə, o yenə yeni formadadı, sən isə bu mənasız furajkadan heç cürə əl çəkmirsən. Lap poçtalyona bənzəyirsən!” O, Hitlerdən xahiş etmişdi ki, bir də heç vaxt tünd qalstuklar və tünd botlar geyinməsin və kamerdinerləri (otaq xidmətçiləri) məcbur edirdi ki, hər gün onun kostyumlarını ütüləsinlər.  “Çaperl” həmişə onu saç düzümünə görə danlayardı (tağı Evanın xoşuna gəlmirdi).

Əvvəllər Eva Hitleri “Şef” və ya “Cənab Hitler” çağırardı, sonralar isə onun təkidi ilə, qəbul olunmuş qaydada “mənim fürerim” deyirdi. Zamanla gizli münasibətlərinin açığa çımasından ehtiyat edərək hətta təklikdə də “fürer” deyə çağırmağa başladı.

Hitler evlənməyi ağılsızlıq hesab edirdi. O, Eva ilə evlənməyi ağlına belə gətirmirdi. Baş nazir Gobbels “Hitlerin şəxsi həyatı yoxdur, o bütünlüklə özünü xalqın taleyinə həsr edib” dedikdə, Eva çox əsəbləşib “sən demə mən şəxsi həyat deyiləm”demişdi. O, Hitlerin sevgilisi olsa da, heç kim onu tanımırdı. Ölkənin birinci xanımı Emmi Herinq  idi – Gobbels Herinqin xanımı. Bu da Evanı hiddətləndirirdi. O, önəmli olduğunu anlamaq və hamıya göstərmək istəyirdi. Amma onların sevgisi hamıdan gizli idi. Camaat arasında Evanın adı heç vaxt çəkilmirdi. Ən yaxşı halda pıçıltı ilə adının inisialı – sadəcə “BE” deyilirdi . Bu inisial fürerin sevgilisinin bütün əşyalarının üstündə əks olunurdu.

Ögey bacısı getdikdən sonra (o, Evanı sevmirdi və onun Hitlerlə bərabər olmağını istəmirdi) Hitler Eva üçün yataq otağı, buduar və vannanın layihəsini şəxsən çəkdi. Yeni otaqlar hazır olduqdan sonra isə o, Evaya rəsmən onun Oberzaltsberqdəki villasının – Hitler villasını “Berqhof” adlandırırdı- xanımı olmağı təklif etdi. Artıq onlar bir evdə yaşayırdılar. Amma Eva yalnız fürerin yaxın tanışları və dostları gəldikdə onlarla birlikdə otura bilərdi. Başqa insanlar gəldikdə otalıqda görünməməliydi.

1939-cu ilədək Hitlerin şəxsi adyutantı olan Frits Videman belə danışırdı: “Bir dəfə səhər necə oldusa, mən Hitlerin yataq otağının qapısını döyməyə məcbur oldum, çox vacib teleqram gəlmişdi. Eva Braunun tuflisi ilə Hitlerin çəkmlərini yanaşı, sanki mehmanxana otağının qapısı önündə sərgilənmiş kimi   görəndə çox təəccübləndim. Günlər boyu komediya oynamaq, sonra isə belə etinasızca ayaqqabılarını sərgiləmək... Gülüşümü tuta bilmədim və pilləkənlərdən aşağı endim”.

Dəbdəbəli həyat, bahalı hədiyyələr, son dəbdə geyimlər, cəvahiratlar...   

Eva kinonu çox sevirdi və ən böyük arzusu kinoda çəkilmək idi. Amma buna onun nə atası, nə də sevgilisi icazə vermirdi. Hitler onun nəinki kinoda, hətta ekranda görünməyini belə istəmirdi. O, daha çox amerikan filmlərini bəyənirdi. Eva üçün hətta bütün Almaniyada ideoloji və ya maddi baxımdan icazəsi olmayan kinolara da baxmaq imkanı yaradılırdı. Bir müddət Eva ancaq aktyor Klark Qeybel haqqında danışırdı. Onun həm ifasını, həm də xarici görünüşünü bəyənirdi. Buna görə Hitler onu qısqanırdı və onun çəkildiyi filmləri geri qaytarmışdı.

Bütün bunlardan əlavə, Hitlerin qadınlara olan marağı və onun daim müxtəlif xanımların əhatəsində olması Evanı qısqanclıq əzabları ilə üz-üzə qoyurdu.  Ona qarşı belə münasibətdən dolayı Eva üzülürdü. Buna görə də, bütün bünları heç olmaya biraz da olsa unutmaq üçün, gördüyü keyfiyyətli və bahalı hər şeyi alırdı. Hətta bacısı İlza onun belə bir əhvalatını nəql etmişdi:  bir dəfə Eva katibə geyimində bütün Avropaya məşhur olan dəri məmulatları dükanına girib. Orda satıcının göstərdiyi bütün ucuz mallara əl yelləyib. “Mənə vitrindən bax o dəri dəsti gətirin!” – deyə tələb edib. “Bu axı təmiz tmsah dərisidir, - satıcı etiraz edib – Dəst çox bahalıdır. Daha doğrusu, o satılmır sadəcə effekt üçün sərgilənir, çünki heç kim onu almaq imkanında deyil”. “Mən isə sizdən qiymət soruşmuram, - Eva etinasızca cavab verib. – Yubanmadan dəsti bura gətirin!” Satıcı pərt şəkildə susdu, Eva isə ondan müdiri çağırmasını tələb etdi. O gəldikdə isə əmr etdi: “Bu dəst  bu günün brinci yarısında reyxdəftərxanaya çatdırılmalıdır. Hesabı isə fürerin şəxsi dəftərxanasına göndərin”.

Müdir və satıcı şokdan ayılmamış Eva dükandan çıxdı və eses formalı sürücüsü olan qara “Mersedes”-ə əyləşdi. Müdir həmin dəqiqə çemodan, çanta, çətir və yol ləvazimatlarından ibarət dəsti şəxsən reyxdəftərxanaya çatdırdı, hələ üstündə öz adından böyük bir gül buketi ilə. Eva bu hadisəni danışmağı çox xoşlayırdı. Hətta bir ara onu “fröyleyn Timsah” adlandırırdılar.

Hitlerin Eva üçün hədiyyələri bahalı idi, ona qarşı daim əliaçıq davranırdı. “Mersedes”dən əlavə onun başqa maşını da vardı - Hitler ilk “Folksvagen”lərdən birini onun 27 yaşına hədiyyə etmişdi. Amma sonra bu avtomobil çox “gözə girirdi” deyə bütün müharibə dövrünü qarajda qaldı.

Eva Braun indi yaxından-uzaqdan qatar gözləyən damalı paltodakı və pambıq corablı qıza oxşamırdı.  İndi o, paltarlarını Berlinin ən bahalı dərzisinə tikdirirdi. Alt paltarlarını Parisdən, tufli və çəkmələrini Florensiyadan, idman dəstlərini isə Vyananın ən yaxşı dükanlarından alırdı. Hitler onun geyim tərzini çox bəyənirdi. “Yox, siz baxın, fröyleyn Braun necə də zərifdir...” Bəzən o, Evanı bədxərcliyinə görə danlayırdı da. Amma Eva bunlara məhəl qoymurdu.

Hitler o xarici görünüşünü dəyişəndə bundan xoşlanmırdı: “Yeni saç düzümünlə mən səni tanımıram” və ya “Sənin çox gözəl paltarın var, niyə hər gün yenisini geyinirsən”.

- Sənin salfetin bütün dodaq boyasıdır – Hitler qeyd etdi, - sən nə ilə boyanırsan?

- Paris boyası ilə,- Eva dedi

- Əziz xanımlar, siz əgər bilsəydiniz ki,  Paris pomadası mətbəx tullantısından hazırlanır...

Hitler sevgilisinin hesablarını sözsüz imzalayırdı. Çox vaxt Hitler lazımi məbləği nağd verərdi – sadəcə qalın yüz marklıq banknotları cibindən çıxarıb Evanın çantasına qoyardı.

Fröyleyn Braunun İtaliyadan gətizdirdiyi ayaqqabı kolleksiyası var idi. Bunları, əliaçıqlıqla bacılarına və rəfiqələrinə verirdi. Amma daha çox cəvahiratı sevirdi. Bəzən o, bilərəkdən çox sadə paltar geyərdi ki, onun üzərində əsrarəngiz brilyant kolyesi və ya bilərziyi daha effektli görünsün.

İllər keçdikcə Eva daha da gözəlləşirdi. O əsl xanım olmuşdu. Ədası, zərifliyi və özünəinamlılığı ilə o hamını məftun ediridi.  Təbii sarışın olmağına baxmayaraq o saçlarını azacıq rəngləyirdi. Bərbəri Milla Şelmozer danışır: “ Saçını gündə bir dəfədən az olmayaraq burdururdu, çox səbirsiz və qıcıqlandırıcı idi. Çay üçün isə xırdanı çox həvəssiz və az verərdi”. Bərbəri Berqard hər gün gecə saat 2 də onun evinə gedirdi.  Hitlerin şəxsi bərbəri Paul Rota isə Hitlerin saç düzümünə böyük önəm verdiyini vurğulayırdı. O, hər gün gecə yarısı onu evinə çağırdığını deyirdi.

Zamanla Berxtesqadenin sahibəsi çox dəyişmişdi. “Mən öz bacımı tanımırdım, - deyirdi İlze Braun. – Hiss olunurdu ki, o Hitlerin güclü təsirinə düşüb. Evanın xasiyyəti korlanmışdı, o təkəbbürlü olmuşdu və bəzən özünü əsl despot kimi aparırdı. Yaxınları onun nəzakətsizliyinə mat qalırdılar”. “Dünyanın ən güclüləri ilə yaxın ünsiyyət insanı eqoist edir. Bəzən o çox qəddar olur. Eva öz köhnə paltarlarını elə formada verirdi ki, sanki o kraliçadır, biz isə mənfur qulluqçular”. Təbii ki, İlze o zaman öz fikirlərini səsli ifadə etməkdən çəkinirdi. Buna görə o bunları gündəliyinə yazırdı. Daim maddi sıxıntısı olan böyük bacısına məktubunda Eva söz verirdi ki, hər ay ona 10 marka göndərəcək. Açıq şəkildə deyirdi ki, Hitleri onun ailəsinə kömək etməsi üçün bezdirə bilməz: “Məncə, bu, ədəbsizlikdir”.

     

Əziyyətli günlər...

Artıq müharibə başlamışdı. Almaniya böhran içində idi və çətin günlərini yaşayırdı.

Hitler Evanı qorumağa çalışırdı və hərbi əməliyyatların olduğu yerlərdən uzaq saxlayırdı. O, Evanın qayğısına qalır, onun sağlamlığı üçün narahat olurdu. 1942- ci ilin iyulunu Eva İtaliyada keçirmişdi. Hitler şəxsi həkimini onun yanına yollayaraq yaxşıca müayinə etməsini tələb etmişdi. Və deyirdi ki, atışmalara görə uzun müddət eyni yerdə qalması münasib deyil.

   1944-cü il iyulun 20-də Hitlerə qəsd edildi. Eva bundan xəbər tutanda ağlını itirmək dərəcəsinə çatdı. Qərargaha zəng vurub nəhayət, Hitlerin səsini eşidənəcən o dünyanı görüb gəldi. Hitler Evanı sakitləşdirdi və dedi ki, hər şey yaxşı qurtarıb. Dəstəkdə Evanın həyəcanlı səsi eşidildi: " Mən səni sevirəm, Allah səni hifz eləsin!..." O, şadlığından atılıb-düşür, əl qol açıb oynayır və ağlayırdı. Bir neçə gündən sonra isə Hitler qəsd zamanı cırılıb dağılmış kitelin ona yolladı... Sui-qəsdçilər intizarla diktatorun ölüm xəbərini gözləyirdilər. Vaxt o vaxt idi ki, onlar bütün səylərinin puça çıxdığını və hamının məhvə məhkum olduğunu eşidib dəhşətə gəlmişdilər. Həmin bu günlərdə iki sevgili bir-birinə məktub yazmaqla məşğul idi.

Hitlerin makinada çap olunmuş məktubunda deyilirdi:

"Əzizim, mənim bütün işlərim öz qaydasındadı, narahat olma. Sadəcə olaraq bir balaca yorulmuşam. Ümidvaram ki, tezliklə evə qayıdıb sənin ağuşunda dincələcəyəm. Mənə istirahət lazımdır, lakin alman xalqı qarşısında borcum hər şeydən üstündür... O fəlakətli gündə əynimdə olan pencəyi sənə göndərdim. Həmin pencək dəlil ola bilər ki, ilahi qüvvə məni mühafizə edir və bundan belə düşmənlərimizdən heç bir qorxumuz yoxdur..."

Eva cavabında yazırdı: "Əzizim mən özümdə deyiləm. Səni gözləyən təhlükəni bildiyim üçün qorxudan ölürəm. Tez qayıt, hiss edirəm ki, bir az da keçsə, ağlım başımdan çıxacaq. Burada havalar əla keçir, hər yanda elə sakitlik var ki, mən hətta sənin qarşında özümü günahkar sayıram...Özün də bilirsən, həmişə sənə demişəm ki, əgər başına bir iş gəlsə, mən buna dözə bilmərəm. Mən ilk görüşümüzdən öz-özümə and içmişəm ki, səndən heç zaman, ölüm ayağında belə, ayrılmayacağam. Özün bilirsən ki, məni yaşadan yalnız sənin eşqindir. Sənin Evan..."

1944-cü ildə Eva Braun hər ehtimala qarşı vəsiyyətnaməsini tərtib etdi və alt paltarlarınadək, ayaqqabılarınadək bütün şəxsi əmlakını paylaşdırdı.

Eva bacısı Qretlə bunları vəsiyyət edirdi: "Brilyantla haşiyələnmiş zümrüd qaşlı iri üzük; brilyantla haşiyələnmiş zümrüd qaşlı kəpənək sancağı; brilyantla haşiyələnmiş zümrüd qaşlı sırğa; yaqut qaşlı qazçiçəyi buketi, fürerin mənə göndərdiyi bütün məktublar və mənim fürerə yazdığım məktubların qaralamaları; şubalardan başqa paltarlarımın, paltolarımın, ayaqqabılarımın, alt paltarlarımın və s. yarısı; proyeksiya aparatı və kino ekranı ilə birlikdə "Simens" kinokamerası; aşağıdakı şəkillər: Adolf Hitlerin çəkdiyi akvarel; Bonenberger - "Fürerin portreti", Bonenberger - "Şimali İtaliya mənzərəsi" və "Qız başı"  (reyxsleyter Bormanın hədiyyəsi)

Bacısı İlzaya: "Soliterlə haşiyələnmiş brilyant boyunbağı; platin sancaq, həm də kulon; brilyant üzük; platin saat (fürerin monoqram ilə); brilyant qızçiçəyi buketi; Vasserburqştrasse 12-dəki ev, bütün mebeli, xalçaları, gümüş və çini qab-qacağı ilə birlikdə; "folksvagen" avtomobili, paltarlarımın və ayaqqabılarımın yarısı. Şəkillər: Bonenberger - "Şabalıdlar, çiçəklər və meyvələr", Pamini "Roma mənzərəsi", Bonenberger - Eva Braunun portreti"...

Cənab Frits Brauna: "Mersedes" kabrioleti Oberzalsberqdə qarajı ilə birlikdə; binokl"

Xanım Fransiska Brauna (anasına): "Şubalarımın yarısı, ayaqqabılarım, çamadanlarım, aşağıdakı şəkillər: Tisian məktəbi - "Venera, eros və fivn ", Kirr - "Fürerin portreti"... xalçalar, qobelenlər... nağd pul". Bir sıra xırda şeylər Evanın rəfiqələri və iş yoldaşları üçün nəzərdə tutlmuşdu...

Hitler müharibə bitdikdən sonrakı həyatı haqda belə planlar qururdu: "Mən çıxacağam, bütün vəzifələrdən çıxacağam, mən adicə şəxs olacağam, amma vəzifədən getməmiş əmr verəcəyəm ki, Avropada satılan hər siqaret qutusunun üstündə iri hərflərlə bu sözlər yazılsın: "Tütün zəhərdir! Tütün çəkmək xərçəngə səbəb olur!...".  O deyirdi ki, müharibə qurtaran kimi istefaya çıxacaq, rəngkarlıqla məşğul olacaq, memuarlar yazacaq, Eva ilə evlənənəcək, Lintsdə özlərinə ev alacaqlar.  Eva da deyirdi ki, Hollivuda gedəcək və onların məhəbbətinin tarixindən bəhs edən filmdə çəkiləcək...

...1945-ci ilin aprel günlərində Fögeleyn imperiya bunkerindən Şarlottenburqdakı xüsusi mənzilinə gedərək ehtiyatsızcasına şəhər telefonu ilə bunkerə, Eva Brauna zəng vurmuş, dərhal fürerdən əl çəkib Münhenə qaçmağı təklif etmişdi. Eva bu təklifdən boyun qaçırmışdı.

İlza bacısı Eva Braunun son günlərini "cəhənnəmə dalma" adlandırırdı.

- Eva üçün hər şey bitmişdi... O, Hitlerdən ayrılmaq istəmirdi, ayrıla bilmirdi, buna görə də vədini yerinə yetirdi...

1945-ci il 30 aprel

1945-ci ilin aprelində  “Qızıl ordu” Berlinə daxil oldu. Sovet qoşunları şəhəri mühasirəyə aldı. Hitler qorxurdu ki, düşmən reyxdəftərxananı zəhərli qazla atəşə tutacaq, zəhərlənmiş füreri Moskvada qəfəsdə hamının gözü qarşısında sərgiləyəcək. Belə biabırçı son onun üçün ölümdən betər idi.

1945-ci ilin fəlakətli aprel günlərində Hitlerin katibəsi Traudal Yunge Berlində imperiya dəftərxanasının bunkerində idi. O, Eva Braunla Hitlerin toyunu görmüş, Hitlerin diktəsi ilə onun hər iki vəsiyyətnaməsini makinada yazmış və fürerdən axırıncı süveniri, zəhər ampulunu almışdı.    

Ölümündən bir qədər əvvəl Traudala yazdırdığı son sözləri:

“ Əgər mübarizə illərində... – Hitler bir anlıq susdu, sonra ani başını çevirib sözə davam etdi: - Mən hesab edirdim ki, mənim ailə qurmağım çox məsuliyyətsiz bir hərəkət olardı. Amma artıq, mənim yer üzündəki varlığım sona yetir. Və mən qərara gəldim ki,  uzun illər mənə sadiq olan və indi öz istəyi ilə mühasirəyə alınmış şəhərə gələrək mənim taleyimi bölüşməyə razı olan bir qızla evlənim...

Şəxsən mən və mənim  həyat yoldaşım ölümü qaçmaq və kapitulyasiya kimi biabırçılıqdan üstün tutduq. Bizim son istəyimiz odur ki,  cəsədlərimiz mənim 12 ildən çox bir müddətdə hər gün və yorulmadan alman xalqının rifahı üçün  çalışdığım bir yerdə yandırılsın”.

Hitler həmişəki kimi dəmir xaçlı, sadə partiya kiteli geyinmişdi, Eva isə sevimli, uzun, qara ipək donunda idi. O, saçlarını brilliant sancaqla yığmışdı, boynunda isə zəif işıqda topaz asmalı, qızıl zəncir boyunbağı parıldayırdı, incə biləklərini isə brilliantlı qızıl saat bəzəyirdi.

1945-ci il 28 aprel. Gecə yarısına bir neçə dəqiqə qalmış nikah mərasimi tamamlandı. Eva təlaşla nikah şəhadətnaməsində qızlıq soyadı ilə imza atdı, sonra ayılıb “B” hərfini sildi və həyatında birinci və sonuncu dəfə yazdı: “Eva Hitler”. Şahidlər Gebbels və Borman idi.

Eva arzusuna yetmişdi. Amma indi o, bilmirdi ağlasın yoxsa, gülsün. Cəmi 40 saat da olsa Eva Hitler adını daşıyacaq. Ölkənin birinci xanımı indi odur. Amma Almaniya birinci ledisini ölümündən sonra tanıdı.

1945-ci il aprelin 30-u. Eva zəhər içərək, Hitler isə tapançasından açdığı atəşlə intihar etdi.

Evanın 33, Hitlerin isə 56 yaşı vardı...

Aysel Babayeva

P.S. Yazıdakı bütün faktlar iki əsərdən götürülmüşdür:

1. Lev Ginzburq “O dünyada Görüşlər”(Münhen dəftərindən), Bakı, Yazıçı nəşriyyatı, 1993 (tərcüməçi T.Rüstəmov);

2. Lev Ginzburq “O dünyada görüşlər”, Azərbaycan jurnalı N 2 (s.73-151),N 3 (S.145-158), 1980;

3. Nerin Han “Yeva Braun: həyat, sevgi, tale” 2003, Moskva, Astrel (Нерин Ган «Ева Браун: жизнь, любовь, судьба»). Bu kitabdan götürülmüş məlumatlar ruscadan müəllifin tərcüməsidir.

0
22