Şəhid zabitimiz torpağa tapşırıldı

Şəhid zabitimiz torpağa tapşırıldı

Şəhid zabit yaylım atəşləri altında son mənzilə yola salınıb.

Azərbaycan ordusunun kapitanı şəhid Nəcməddin Savalanov dəfn edilib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, 31 yaşlı (1985-ci il təvəllüdlü) kapitan Nəcməddin Akif oğlu Savalanov bu gün doğulduğu İmişli rayonunun Göbəktala kənd məzarlığında dəfn edilib.
 
Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, İmişli rayon icra hakimiyyətinin rəsmiləri, kənd sakinləri, həmçinin şəhid zabitin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti iştirak edib. Şəhid zabit yaylım atəşləri altında son mənzilə yola salınıb. 

Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib. Həmçinin kapitana təltif olunan “İgidliyə görə” medal şəhidin oğul övladının sinəsinə taxılıb.
 
Xatırladaq ki, aprelin 2-də təmas xəttində gedən döyüşlərdə ayağından və çiynindən ağır güllə yarası alan kapitan Nəcməddin Savalanov mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib. Şəhid  kapitan 3 övlad atası olub. İkisi qız, biri oğlan.

Allah rəhmət eləsin!

0
22