"Bu qəsəbə Heydər Əliyevin sayəsində xəritədə var" – 32 ilin sirri – III yazı

"Bu qəsəbə Heydər Əliyevin sayəsində xəritədə var" – 32 ilin sirri – III yazı

Bu qəsəbə Heydər Əliyevin sayəsində xəritədə var – 30 ilin sirri – III yazı

- Narahat olmayın. O qədər də uzaqda deyilik. Bakıdan yəqin Moskvaya uçacaqsınız. Moskvadan ya Bratska uçun, ya da Krasnoyarska. Təyyarə 6 saata gəlir. Qatarla isə 6 günə.

- Bəs oradan?

- Krasnoyarskdan Severobaykalska sutka yarım yoldur.

- Severobaykalska yaxındır?

- Hə, yaxındır. Oradan 180 km yoldur Anqoyaya. Amma bir şeyi də unutmayın. Sevrobaykalskdan bizim qəsəbəyə gündə bir dəfə, günorta saat 1-də avtobus işləyir. O avtobusa çatmasanız, bir də sabahı gözləməli olacaqsınız.

Daha heç nə demədim. Sağollaşıb, telefonu söndürdüm.


(əvvəli bu linklərdə http://news.lent.az/news/241615)

http://news.lent.az/news/241728 )

Administrasiya sədri haqlıymış. Severobaykalsk şəhərindən Anoqoyaya gündə bircə dəfə avtobus işləyir. O da günorta saat 1-də. Bu avtobusa çatmadınsa, onda Severobaykalskda gecələməli olacaqsan. Ya da gərək, maşın tutasan. Bu isə od qiymətinədir. Tayqanın dərinliyində yerləşən bu kəndə hər sürücü getməyə həvəsli deyil. Düzdür, Anqoya stansiyasında qatarla da çatmaq mümkündür. Amma dərd orasındadır ki, bu stansiyadan keçən Moskva-Tında qatarı da bir gündən bir hərəkət edir. Həmin gün qatara çatmadınsa, yenə də bir gün gözləməlisən.

- Bu qəsəbə 30 il bundan əvvələdək xəritədə olmayıb. Buralar sıx, keçilməz meşəlik idi. İlk ağacı da azərbaycanlılar kəsib, ilk evi də, məktəbi də, bağçanı da, dəmiryolu vağzalını da, bax, burada nə görürsüz hamısını azərbaycanlılar tikib. Kiçik Azərbaycan deyə bilərsiz. Elə ən böyük küçəsi də “Azərbaycan” küçəsi adlanır. Dəmir yolu vağzalımız da Heydər Əliyeviçin adını daşıyır. Onun xeyir-duasıyla tikilib Anqoya. Bəlkə buralar elə Tayqa olaraq qalacaqdı. Amma görürsünüz, Rusiya Federasiyasında belə gözəl qəsəbə əmələ gəldi.

Bunu qəsəbə məktəbində rus dili müəlliməsi işləyən Klara Petrovna Xomenkova deyir.


Onun dediyinə görə, Anqoya evenk dilində “müqəddəs yer” deməkdi. İnqilabdan əvvələdək bu ərazilərdə üç evenk tayfası yaşayıb: kindigirlər, çilçigirlər, şamgirlər. İndi evenklərin, xüsusi ilə də adıgedən tayfalara aid insanların sayı çox azdır. Bir çoxu inqilabdan sonra diskriminasiyaya məruz qalıb, böyük əksəriyyəti isə ruslaşıb. Anqoya Severobaykalsk rayonunun inzibati ərazisinə daxildir. Severobaykalskın tarixi isə çox uzaqlara gedib çıxır. Əsası 1825-ci ildə qoyulub. Təsəvvür edin, üstündən az qala 150 il keçsə də, bu rayonunun ərazisi bir də BAM tikiləndə böyüyüb. Ona qədər isə elə Anqoya da daxil olmaqla buralar keçilməz meşəliklər imiş.

***

- Bir neçə gün açıq havada yatdıq. Sonra haradansa vaqon tapıb gətirdilər. Yanacaq isə qıt idi. Ərzaq da çatmırdı. Amma ətraf meşəlik idi deyə, giləmeyvə bol idi. Hərdən deyirlər ki, bura pula, yaxşı əməkhaqqına görə gəlmişdiz. Amma sizi inandırıram, bizi bura gənclik romantikası çəkib gətirmişdi. Təsəvvür edə bilməyəcəyiniz dərəcədə hər şey çox romantik idi. Onlarla millətin nümayəndəsi, Tayqa, yeni-yeni yaşayış məskənlərinin yaranması... Biz həm də tarix yazırdıq axı?, - deyir Liliya xanım.

Tarix demişkən, qəsəbənin administrasiya rəhbəri Sergey Yuryeviç Şutov deyir ki, Anqoyada tikilən bütün obyektlərdə azərbaycanlıların izi var.

- Sizinkilər bura bilirsiz hansı şüarla gəlmişdilər? “Ulkanı tikmişik, Anqoyanı da tikəcəyik”. Məhz Heydər Əliyevin sayəsində bu qəsəbə indi xəritədə mövcuddur. Bura BAM layihəsi çərçivəsində dəmiryolu xətti çəkilmişdi. Amma plana görə, nə stansiya olacaqdı, nə də qəsəbə. Əslində azərbaycanlılar Ulkanda qalıb yaşaya bilərdilər, ya da geri vətənə qayıdardılar. Amma onlar Sibirdə növbəti tarix yazdılar.

***

İlk azərbaycanlı dəstə isə bu əraziyə 1984-cü il sentyabrın 24-də gəldi.

Məzahir Məmmədov xatırlayır ki, əraziyə “Azbamstroy”dan əvvəlcə 27 nəfər gəlib. Bir neçə ay ancaq meşə doğramaqla məşğul olublar. Gələcəkdə tikiləcək evlərin, dəmiryolu vağzalının, digər ictimai-iaşə obyektlərinin yerini təmizləyiblər.

“Əlimərdan idi, Səmədov Nəriman idi, mən idim, Elxan Sultanov, Alik Kəlbəliyev, Abdulxalıq Şabanov, Sirac Nuriyev, İsrafil, hərəmiz bir sənətin sahibi idik. Özü də bir söz deyim. Bura hər adamı da götürmürdülər. Əməlli müsabiqə vardı. Ancaq öz peşəsinin ustalarını götürdülər Anqoyanı tikməyə. Ruslar da vardı aramızda. Deyirdilər ki, siz şaxtaya davam gətirə bilməyəcəksiz. Amma onlara deyirdik ki, nə şaxta, Ulkanı da biz tikmişik ee”...».

Məzahir kişi özü şuşalıdı. Hələ 75-ci ildən, BAM-ın tikintisi balayandan Sibirə gəlibmiş. Xarrat, dülgər peşələrinə də məhz BAM-ın tikintisində yiyələnib. Sonra ona bütöv bir briqadaya rəhbərlik etməyi tapşırmışdılar.

Həmsöhbətlərim Anqoyada ilk küçənin yaranmasını da xatırlayırlar. Sovet İttifaqı Qəhrəmanı, kosmonavt Vladimir Kovalyov onlarla görüşə gəlibmiş. Onun gəlişinin səhəri ilk küçənin əsası qoyulacaqmış. Kosmonavt küçənin keçəcəyi yolda ilk ağacları kəsir. Daha doğrusu 3 ədəd küknarı.

“Bundan sonra kimsə qışqırdı ki, qoy ilk küçəmizin adı “Kosmonavtlar” küçəsi adlandırılsın. Hamı əl çaldı və beləcə ilk küçəmizin adı yarandı. Anqoyanın növbəti küçəsinin adını isə Azərbaycan qoyduq”.

Yeri gəlmişkən, BAM-ın, daha dəqiqi dəmiryolunun keçdiyi Tayqanın ən sıx və keçilməz ərazilərində çalışanların mədəni tədbirlər sahəsində də necə deyərlər bəxtləri gətirmişdi. Təsəvvür edin, Moskvada, Leninqrada, hətta Bakıda belə konsertlərinə bilet tapılmayan əksər sovet estrada ulduzları, Vladimir Vinokur, Alla Puqaçova, Lev Leşenko, Sofiya Rotaru, Gennadi Xazanov yarı könüllü, yarı xoş BAM-a ezam olunurdular. Və onlar BAM qurucuları qarşısında pulsuz oxumalıydılar.

Anqoyanın tikintisinə rəhbərlik edənlərdən biri İsrafil Hacıyev isə xatırlayır:

“Düzünü deyəcəm, bizi heç kim heç nəyə vadar etmirdi. Ulkanı tikib qurtarmışdıq. Evimizə qayıda bilərdik. Elə Heydər Əliyev də bizimlə görüşdə dedi ki, siz qəhrəmanlarsız, indi evinizə qayıda bilərsiniz. Amma əksinə, qayıtmaq istəmirdik. Dedik, Baykala getmək niyyətindəyik. O vaxt buralarda bircə metr də olsa boş sahə yox idi. Hər tərəf keçilməz, ucu-bucağı görünməyə meşəliklər. Heydər Əliyevlə görüşdə dedik ki, Anqoyaya getmək istəyirik. O, bizə xeyir-dua verdi”.


Anqoyanın tikinti məsələsini həll etmək üçün əraziyə məhz Heydər Əliyev gəlir. Tikintinin maliyyələşdirilməsi, inşaat materiallarının göndərilməsi, əsas tərkibi Azərbaycandan olan “Azbamstroy” briqadasının Baykal-Amur magistralının inşasında işə davam edib-etməyəcəyi, Anqoyanın sadəcə stansiya, yoxsa qəsəbə olacağı ondan asılı idi.

Amma Heydər Əliyev artıq qərarını vermişdi, Anqoya stansiyasının yerində qəsəbə salınacaqdı.


Sonradan, lap sonradan Rusiya Federasiya Şurasının Buryatiyadan senatoru olacaq Arnold Kirilloviç Tuloxonov deyəcəkdi: "1974-cü ildə BAM-ın tikintisi başlayanda İttifaqın tərkibindəki müttəfiq respublikalar dəmir yolu boyunca bir stansiyanın tikilməsini öhdəlik götürmüşdü. O zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə "Azərbaycan Komsomolu" adlanan inşaat qrupu BAM-a yola salınmışdı və onlar Ulkən stansiyası və eyniadlı şəhər tipli qəsəbəni tikmişdilər. Ancaq, tikinti üçün hər şeyə qabil və nizamlı olan bu dəstə dağılmaq istəmirdi, onlar BAM magistralı üzərində yerləşəcək Anqoy stansiyasını da tikmək istəyirdilər. Bunun üçün isə kimsə qərar verməli idi.  Əliyevin BAM-a gəlişi zamanı tikinti qrupu müraciət etdi. Heydər Əliyev isə Moskva ilə müzakirə etmədən, elə yerindəcə buna razılıq verdi. Beləliklə, Azərbaycandan olan qrup daha bir stansiyanı və şəhər tipli qəsəbəni, Azərbaycan memarlığı əsasında, öz ölkəsindən gətirilmiş tikinti materialları ilə tikdi, ona milli ornamentli naxışlar vuruldu."


Yeri gəlmişkən, senator BAM-ın tikintisi ilə bağlı bir məqamı da xatırlayır. Deyir ki, BAM yolundakı Şimali Muyskiy tunelinin tikintisində qəribə vəziyyət yaranmışdı. Həmin hissədə yolçəkənlər yeraltı çay ilə rastlaşmışdılar və 10 il idi bu hissəni keçə bilmirdilər. Və dərd burasındadır ki, bu tuneli keçə bilməsəydilər, bütün magistralın taleyi şübhə altında düşürdü. Amma çıxış yolunu yenə Heydər Əliyev göstərir. Alternativ kimi, xətti dolayı yolla aparılmasını tapşırır. Amma bu çox təhlükəli idi. Çünki yol ən azı 18 metr hündürlükdən keçəcəkdi. Yolun çəkilişi zamanı bu variant da baş tutmasaydı, onda layihənin aqibəti də sual altındaydı. Bununla belə Əliyev deyən kimi yolu çəkirlər. Və bu yol indiyədək işləyir, özü də heç bir qəzasız, problemsiz.

Sonradan, 7 iyul 1999-cu ildə Azərbaycan prezidenti Heydər Əliyev XX əsrin böyük tikintilərindən biri olan Baykal - Amur Magistralının inşasının başlanmasının 25 illiyi ilə əlaqədar təbrik teleqramında deyəcəkdi:

“Sovet İttifaqının rəhbərlərindən biri, SSRİ Nazirlər Sovetinin xüsusi komissiyasına başçılıq etmiş bir şəxs kimi, mənə 1984-cü ildə magistralın çəkilmiş hissəsindən keçmək və tikintidə iştirak etmiş adamların bir çoxu ilə şəxsən görüşmək nəsib olmuşdu. Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından istifadə edilməsi və məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi ilə əlaqədar BAM-a böyük ümidlər bəslənilirdi. SSRİ-nin süqutuna gətirib çıxarmış mürəkkəb siyasi proseslər 1984-cü ildə magistralın tikintisi üzrə SSRİ Nazirlər Soveti komissiyasının səyyar iclasında nəzərdə tutulanların hamısını tam həcmdə həyata keçirməyə imkan vermədi. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır”.

***

Anqoya isə tikilirdi. Ev-ev, küçə-küçə. Artıq bir qərar da verilmişdi. Qəsəbədə Anqoya adlı stansiya və dəmiryolu vağzalı olmalıdı.

Anqoya stansiyası vağzalının layihəsinin baş mühəndisi olmuş Təyyar Hüsenyli xatırlayır: “BAM-ın Ulkan qəsəbəsi, dəmiryol vağzalı ilə birlikdə respublikamız tərəfindən uğurla inşa edilmişdi. Sonra ikinci bir stansiyanın - Anqoyanın da tikintisi bizim respublikaya həvalə olundu. Ulkanın layihəsi tam şəkildə bizim institutda işlənsə də, Anqoyanın layihəsi Rusiyanın Novosibirsk şəhərinin “Sibqiprotrans” layihə institutunda işlənmiş və sifarişçi tərəfindən təsdiq edilmişdi. Respublikamızın qarşısında isə bu layihə əsasında stansiyanın yalnız tikintisinin aparılması məsələsi qoyulmuşdu. Heydər Əliyev bu illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı və BAM-ın tikintisinə rəhbərlik birbaşa ona həvalə edilmişdi. Bir gün xəbər gəldi ki, Azərbaycan KP MK-nın göstərişi ilə Anqoya stansiyasının vağzalı və qəsəbənin bir sıra ictimai obyektləri Azərbaycan klassik milli memarlığı üslubunda yenidən layihələndirilib inşa edilməlidir. Bizə aydın idi ki, bu, birbaşa Heydər Əliyevin tapşırığıdır”.

Maraqlıdır ki, Bakıda operativ şəkildə institutun tanınmış memarlarını toplayıb layihənin işlənilməsi üçün müsabiqə elan edirlər. Arif Cabbarlı, Tağı Hacızadə və Uraynat Mahmudlu tərəfindən işlənilən layihələr qəbul olunur. Layihənin baş mühəndisi və baş konstruktoru isə Təyyar Hüseynli təyin edilir. Bir çox çətinliklərdən sonra bu layihələri təsdiq edilir. “Sibqiprotrans”ın layihəsi isə geri göndərilir.



Və ən maraqlısı. 2008-ci ilin 18 iyulunda Anqoya stansiyasının vağzalına Heydər Əliyevin adı verilir. Tədbirdə Azərbaycandan və Rusiyadan yüksək vəzifəli qonaqlar qatılır. Bu hadisə hər iki ölkənin KİV-də geniş işıqlandırılır.


“Biz orden və medallarımızı taxıb bayrama getdik. Əlbəttə, bayram idi. Başqa necə ola bilərdi ki? Burada, Sibirin ortasında bir Azərbaycan ocağı daha qalanırdı”.

Bunu Məzahir dayı deyir.

***

Hə, burada Sibirin ortasında bir Azərbaycan var. Kiçik torpağımız da deyə bilərik. 700 nəfərə yaxın əhalisi olan Anqoyanın tən yarısı azərbaycanlılardır. Məşğuliyyətləri? Hamı kimi. Ağac təsərrüfatı, balıq, kim nə bacarırsa...

Amma onlar bura gəlmə deyil. Heç onları gəlmə də hesab etmirlər. Çünki buranı elə onlar tikiblər. Düz 30 il əvvəl…

(Yazı “Çudo Peçka” MMC-nin təsisçisi Çingiz və Pərviz Cəlilovların dəstəyi ilə hazırlanıb)

Səbuhi Məmmədli,

Bakı-Moskva-Bratsk-Severobaykalsk

0
32