Müharibədə bu avtomobillər orduya təqdim olunmalıdır – FOTO

Müharibədə bu avtomobillər orduya təqdim olunmalıdır – FOTO

“Avtomobil sahibi öz istəyi ilə orduya öz maşını ilə xidmət edə bilər”.

Müharibə şəraitində bəzi avtomobillər orduya təqdim olunmalıdır. Həmin avtomobillər mülki şəxslərdə olur, onlar dinc şəraitdə bu tip maşınları alıb idarə edirlər. Lakin elə markalar var ki, onlar aktiv döyüş əməliyyatlarında ordu üçün vacibdir və mülki şəxslər də bu nəqliyyat vasitələrini orduya təqdim etməyə borcludurlar.

Oxu.Az bildirir ki, bunu avtosfer.az-a yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, həmin nəqliyyat vasitələri sırasına tam ötürücülü minik maşınları, “UAZ”, “URAL”, “Zil-131”, tırtıllı traktorlar, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, təcili tibbi yardım maşınları və digər kateqoriyadan olan nəqliyyat vasitələrinin orduya təqdim olunması qanunla tənzimlənir. 

Lakin vətəndaşlar bundan heç də narahat olmamalıdır. Çünki qanunvericiliyə görə, vətəndaşdan alınan hər bir nəqliyyat vasitəsinə görə dövlət tərəfindən kompensasiya ödəniləcək: 

“Əgər həmin nəqliyyat vasitəsi bir neçə ay orduda istifadə olunub qaytarılacaqsa, həmin müddətin pulu ödənilir. Amma nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir”.

Ərşad Hüseynov bildirib ki, həmin nəqliyyat vasitələrini əldə edən sürücüləri Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçərkən yol polisi bu barədə dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məlumat verir.

Beləliklə, həmin avtomobillər Dövlət Xidmətində də qeydiyyata alınmış olur.

Müharibə başladıqda isə Xidmətin əməkdaşları bu avtomobilləri orduya çağırırlar. Bu zaman avtomobil sahibi öz istəyi ilə orduya gedib öz maşını ilə xidmət edə bilər. Və ya sadəcə olaraq, avtomobili təqdim edib borcunu yerinə yetirmiş olar.  

Bu cür nəqliyyat vasitələrinin orduya təqdim olunduğu halda, dəymiş ziyanın, avtomobilin sıradan çıxması nəticəsində sığorta xərcinin ödənilməsi ilə bağlı qanunvericilikdə boşluq olduğunu deyən hüquqşünas bildirib ki, bu məsələ qanunla da tənzimlənsə, orduya təqdim olunan nəqliyyat vasitələrinə görə vətəndaşlara sığorta şirkətləri tərəfindən pul ödənilə bilər.

Xatırladaq ki, 16 fevral 2006-cı ildə Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qanunun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını imzalayıb.

Qərarı təqdim edirik:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin

SİYAHISI

I - AVTOMOBİLLƏR 

1.1. Yüksək keçidli minik avtomobilləri 
1.2. Yük avtomobilləri 
1.2.1. Bortlu 
1.2.2. Avtodartıcılar 
1.2.3. Yəhərli avtodartıcılar yük platforması ilə 
1.2.4. Özüboşaldanlar 
1.3. Ümumqoşun təyinatlı xüsusi avtomobillər 
1.3.1. Qərargah maşınları 
1.3.2. Sanitar avtomobilləri 
1.3.3. Sərnişin avtobusları 
1.3.4. Texniki təminat vasitələri 
1.3.5. Təkərli təxliyə dartıcıları 
1.4. Silah və texnikanın hərəkətedici vasitələri 
1.5. Yanğınsöndürən maşınlar 

II  - TIRTILLI DARTICILAR,
TRANSPORTYORLAR və
TRANSPORTYOR DARTICILARI 

2.1.Silah və texniki vasitələrin hərəkətedici tırtıllı maşınları 

III - TRAKTORLAR 
3.1. Tırtıllı 
3.2. Təkərli

IV. QOŞQULAR

4.1. Nəqliyyat

4.2. Xüsusi qoşqular

0
38