Yeni dövlət standartı qüvvəyə mindi

Yeni dövlət standartı qüvvəyə mindi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının qəbul etdiyi AZS 286-2016 “Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq. Ümumi texniki şərtlər” dövlət standartı qüvvəyə minib.

APA-nın məlumatına görə, bu standart inək və camış südündən alınan, birbaşa qida məhsulu kimi istifadə üçün nəzərdə tutulan pasterizə və ultrapasterizə edilmiş qaymaqlara şamil edilir.

Məhsul südün xammalından asılı olaraq normallaşmış qaymaqdan, bərpa olunmuş qaymaqdan və onların qarışığından hazırlanır. Termiki emalın rejimindən asılı olaraq məhsul pasterizə edilmiş və ultrapasterizə edilmiş (UYT) (130-150°C-də 2–4 saniyə ərzində) növlərə ayrılır. Qaymaqda yağın kütlə payı 10-34 faiz, zülalın kütlə payı 2,2-2,6 faiz olmalıdır.

Pasterizə və ultrapasterizə edilmiş qaymaqların istehsalı üçün ikinci növdən aşağı olmayan inək südü, 2-ci növdən aşağı olmayan, turşuluğu ən çoxu 20°T olan camış südü, içməli süd, tozlandırma üsulu ilə hazırlanan əla növ quru süd, tozlandırma üsulu ilə hazırlanan üzsüz quru süd, əla növ quru qaymaq, əla növ duzsuz şirin kərə yağıdan istifadə edilir. Ultrapasterizə edilmiş qaymağın istehsalı üçün turşuluğu ən çoxu 18oT, tərkibində somatik hüceyrələrin miqdarı ən çoxu 500 min/sm3, alkoqol sınağı ilə istiliyə davamlılığı II qrupdan aşağı olmayan çiy inək südü və analoji göstəricilərlə çiy camış südü, qaymaq, bərpa olunduqdan sonra turşuluğu 18oT, alkoqol sınağı ilə istiliyə davamlılığı ikinci qrupdan aşağı olmayan quru qaymaqdan istifadə edilir. Ultrapasterizə (UYT) edilmiş qaymağın tərkibində məhsulun tutumunun və teksturasının keyfiyyətini artırmaq məqsədilə müvafiq texniki normativ hüquqi akt üzrə aşağıda göstərilən stabilizatorların istifadəsinə yol verilir. Ultrapasterizə edilmiş qaymaq aseptik və aseptik olmayan şəraitdə qablaşdırılmalıdır.

Pasterizə və ultrapasterizə olunmuş qaymaq (aseptik olmayan dolum olduqda) (4±2)°C temperaturda, ultrapasterizə olunaraq qablaşdırılmış qaymaq (aseptik dolum olduqda) 2-25 oC temperaturda saxlanılmalıdır. Texnoloji prosesin qurtardığı andan etibarən pasterizə edilmiş qaymağın yararlılıq müddəti qida məhsullarının təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərini nəzərə almaqla istehsalçı müəssisə tərəfindən müəyyən edilir. Texnoloji prosesin qurtardığı andan etibarən aseptik süzülməklə ultrapasterizə edilmiş qaymağın saxlanma müddəti termiki emal rejimi, istifadə edilən xammal və qablaşdırma materialları nəzərə alınmaqla, istehsalçı tərəfindən müvafiq texniki normativ hüquqi akt üzrə, konkret adda məhsulun texnoloji sənədində ən çoxu 6 ayadək müəyyən edilir.

0
71