Bakı Baş Gömrük İdarəsinin yeni binasının açılışı olub

Bakı Baş Gömrük İdarəsinin yeni binasının açılışı olub

Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Salyan şossesi,14 km ünvanında yerləşən yeni inzibati binasının rəsmi açılışı olub.

Komitədən Lent.az-a verilən məlumatına görə, açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı  Aydın Əliyev, Komitə sədrinin müavinləri və idarə rəisləri, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DGK sədri Aydın Əliyev mərasimə qatıldıqlarına və Azərbaycan Gömrük Xidmətinə göstərdikləri dəstəyə görə qonaqlara təşəkkürünü bildirib. Komitə sədri Azərbaycanda sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən bir sıra islahatlar həyata keçirildiyini və bu islahatların səmərəliliyinin və davamlılığının təmin olunması üçün dövlət orqanları, o cümlədən gömrük xidməti qarşısında da mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb. Bu vəzifələrin icrası istiqamətində gömrük orqanlarının mühüm addımlar atdığını qeyd edən komitə sədri, “elektron bəyannamə”, “yaşıl dəhliz” kimi mütərəqqi metodların tətbiqini və infrastrukturun əsaslı şəkildə yenidən qurulmasını nümunə göstərib. Komitə sədri Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının istifadəyə verilməsinin bu tədbirlərin davamı olduğunu bildirib.

Azərbaycan Gömrük xidməti ilə ABŞ, BMT və Avropa İttifaqı arasındakı əlaqələrə toxunan Aydın Əliyev ixrac nəzarət prosesləri, qanunvericilik, kinoloji xidmət, narkotiklərlə mübarizə və digər sahələrdə uzun illərdir davam edən uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu və Azərbaycan gömrük orqanlarına göstərilən dəstəyin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu ifadə edib.

Mərasimdə iştirak etməkdən məmnunluq duyduğunu bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai tədbiri Azərbaycanda gömrük sisteminin inkişafında atılan növbəti addım kimi qiymətləndirib. Qulam İsakzai 1999-cu ildən Azərbaycan Gömrük Xidməti ilə təmsil etdiyi qurum arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu və Azərbaycan gömrüyünə potensialın artırılması, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində dəstək göstərdiklərini və bu əməkdaşlıqdan məmnun olduqlarını bildirib.

Tədbir iştirakçılarını Azərbaycan dilində salamlayan ABŞ-ın Azərbaycandakı fövqəladə və səalhiyyətli səfiri Robert Sekuta bu mərasimin 25 illik Azərbaycan-ABŞ münasibətlərinin bariz nümunəsi olduğunu bəyan edib. Səfir Azərbaycan Gömrük Xidmətinə təqdim olunan avadanlıqların kütləvi qırğın silahlarına qarşı mübarizədə, sərhədlərin təhlükəsizliyinin təminatında və paralel olaraq iki ölkənin vətəndaşlarının təhlükəsiz və rifah içində yaşamasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Dövlət Gömrük Komitəsinin gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində atdığı addımları alqışladığını bildirən Robert Sekuta bu tədbirlərin beynəlxalq biznes qurumları tərəfindən də müsbət qarşılandığını vurğulayıb.

Daha sonra qonaqların iştirakı ilə ABŞ Dövlət Departamentinin “İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi Proqramı” çərçivəsində və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2014-2015-ci illər üzrə texniki əməkdaşlıq sahəsində “Gömrük-sərhəd buraxılış məntəqələrində sanitar-radioloji nəzarətin inkişaf etdirilməsi layihəsi” əsasında Azərbaycan Gömrük Xidmətinə verilən texniki nəzarət vasitələrinə və Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasına baxış keçirilib.

Diqqətə çatdırılıb ki, yeni inşa olunan binada gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi üçün lazımi şərait yaradılıb. Yeni binanın istifadəyə verilməsi nəticəsində yüklərin rəsmiləşdirilməsi sürətləndirilməklə yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının da gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib.

0
87