Lənkəran teatrı Bakıda iki tamaşa təqdim etdi

Lənkəran teatrı Bakıda iki tamaşa təqdim etdi

Mayın 4 və 5-də Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda ikigünlük səfərdə olub. APA-nın cənub bürosunun məlumatına görə, yaradıcı kollektiv səfərinin birinci günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində  italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” tamaşası ilə çıxış edib. Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi bu səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, onun müavinlərinin,  nazirliyin əməkdaşlarının, teatr ictimaiyyəti nümayəndələrinin də izlədikləri tamaşada əsas rolları əməkdar artist Adil Zeynalov, Əbülfəz Axundov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Niftulla Əsgərov, Tərlan Abdullayev, Gülər Əliyeva və digərləri  ifa ediblər.

Teatrın bakılılara təqdim etdiyi ikinci səhnə əsəri Iran rejissoru Xeyrullah Təğiyənipurun quruluşunda iranlı yazar Bəhram Beyzayinin “İlan Sultan” tamaşası olub. Əsas rollarda respublikanın əməkdar artisti Sucəddin Mirzəyevin, aparıcı artistlərdən Əlibala Əsgərovun, Aynur Əhmədovanın, Səyad Əliyevin, Qızılgül Quliyevanın,  Miraslan Ağayevin, Emin Fərzullayevin, Tərlan Abdullayevin, Nizami Qurbanovun Gülər Kərimovanın Şəbnəm Hüseynovanın, Emil Rzayevin və digərlərinin çıxış etdikləri bu tamaşa da sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

0
35