Adil İsgəndərov – 106

Adil İsgəndərov – 106

25 ilə yaxın bir dövrdə Akademik Dövlət Teatrında öz məktəbini yaradıb.

Bu gün Xalq Artisti Adil İsgəndərovun anadan olmasından 106 il ötür.

Oxu.Az xəbər verir ki, o, 1910-cu il mayın 5-də Gəncə şəhərində anadan olub. Teatr Texnikumu və A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib.

1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmir ki, bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçilir və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaradır.

Rejissor debütü olan “Polad qartal” (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurur. Bir-birinin ardınca Adil İsgəndərov “Platon Kreçet”, “Həyat”, “Vaqif” tamaşalarına quruluş verir.

1966-cı ilə qədər kinoda aktyor kimi çalışıb. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova “O olmasın, bu olsun” filmində qoçu rolunu verib.

1958-ci ildə “Uzaq sahillərdə” filmində sahibkar Rosselininin rolunu böyük istedadla yaradıb.

Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi “Axırıncı aşırım” filmində yaratdığı Kərbalayı İsmayıl idi. Adil İsgəndərov bu roluna görə Ümummitifaq festivalının “kişi rolunun ən yaxşı ifasına görə” nominasiyasının qalibi olmuşdu. 

“Əhməd haradadır?” bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. 

Azərbaycanın görkəmli teatr-kino rejissoru, aktyoru və pedaqoqu Adil İsgəndərov 18 sentyabr 1978-ci ildə Bakıda vəfat edib.

0
42