“ASAN Kommunal” mərkəzlərininin funksiyaları bəlli oldu

“ASAN Kommunal” mərkəzlərininin funksiyaları bəlli oldu

“Mərkəzlər aidiyyəti qurumların vəsaitləri hesabına maliyyələşəcək”.

Vətəndaşlara “Azərişıq”, “Azərsu” və “Azəriqaz”a aid bütün xidmətlər “ASAN Kommunal” mərkəzlərində göstəriləcək.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

O bildirib ki, artıq bu gündən etibarən təşkilati işlərə başlanılıb.

“ASAN Kommunal” mərkəzlərində xidmət “Azərişıq”, “Azərsu” və “Azəriqaz”la birgə təşkil olunacaq. Çox qısa müddət ərzində “ASAN Kommunal”ın pilot layihəsi fəaliyyətə başlayacaq. Bunlar “ASAN xidmət”ə paralel mərkəzlər olacaq. Bildiyiniz kimi hazırda “ASAN xidmət” mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir. Lakin “ASAN Kommunal” mərkəzləri fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək. “ASAN Kommunal” mərkəzlərinin ayrı, “ASAN xidmət” mərkəzlərinə yaxın və yaxud bitişik binalarda fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzlərdə ən müasir ödəniş üsulları tətbiq olunacaq”, - deyə İ.Kərimov bildirib. 

Dövlət Agentliyinin sədri qeyd edib ki, “ASAN Kommunal” mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək.

“Mərkəzlər aidiyyəti qurumların vəsaitləri hesabına maliyyələşəcək”, - deyə sədr vurğulayıb. 

İ. Kərimov onu da qeyd edib ki, “ASAN Kommunal” mərkəzlərində adıçəkilən üç qurumun göstərdiyi xidmətlərdən savayı digər kommunal xidmətlərin də vətəndaşlara göstərilməsi planlaşdırılır.

“ASAN Kommunal” mərkəzlərində xidmət “ASAN xidmət”in prinsipləri əsasında həyata keçiriləcək. “ASAN Kommunal” mərkəzlərində vətəndaşlar üçün bütün şərait yaradılacaq. Mərkəzləşdirilmiş növbə sistemi olacaq”, - deyə İ.Kərimov bildirib.

Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən “ASAN Kommunal” mərkəzlərinin yaratmağı və vahid şəkildə idarə edilməsini təşkil etmək tapşırılıb.

0
26