“Əsgərə Məktub!” layihəsinə start verildi

“Əsgərə Məktub!” layihəsinə start verildi

Vətəndaşlarımızın məktubları ünvanlarına çatdırılacaq.

Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlığımızı, var gücümüzlə dəstəyə və döyüşə hazır olduğumuzu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün “ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə start verib.

Oxu.Az xəbər verir ki, Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı mənəvi dəstəyini əsgərlərimizə göstərə bilər. Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşlarımız ünvanladığı məktublarla çatdıracaqlar. Xalqımızın birliyini simvolizə edəcək toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaqdır.

ASAN Könüllüləri Təşilatı olaraq inanırıq ki, Könüllülərimizin bu təşəbbüsü hər bir vətəndaş tərəfindən dəstək görəcək və Ölkəmizin qazanacağı böyük qələbəyə kiçik bir tövhə olacaq.

Qeyd edək ki, Silahlı Qüvvələrimizin son günlər baş verən hadisələrin timsalında göstərdiyi cəsarətli və inamlı duruş hər birimizin qürur mənbəyi olmuşdur. Aprelin 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu mövqelərimizi və yaşayış məntəqələrimizi iriçaplı silahlardan intensiv atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə amansız cavab verib və ordumuzun gücü qarşısında aciz qalan düşmən geri çəkilməyə məcbur olub.

0
32