“Dərs” filmi 34-cü Münhen Film Festivalında

“Dərs” filmi 34-cü Münhen Film Festivalında

Filmin nümayişi “Qasteyq” mədəniyyət mərkəzində baş tutacaq.

“Dərs” tammetrajlı bədii filmi 23 iyun – 2 iyul tarixlərində keçirilən 34-cü Münhen Film Festivalının “Kinderfilm” bölümündə nümayiş etdiriləcək.

“Azərbaycanfilm” kinostudiyasından Oxu.Az-a verilən xəbərə görə, filmin nümayişi 27 və 30 iyun tarixlərində “Qasteyq” mədəniyyət mərkəzində baş tutacaq.

Qeyd edək ki, “Dərs” tammetrajlı bədii filmi 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.

0
28