Məmmədyarov erməni jurnalistin təxribatçı sualına cavab verdi

Məmmədyarov erməni jurnalistin təxribatçı sualına cavab verdi

Nazir konfransda iştirak edib.

“Vişeqrad qrupu” və “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin görüşünün yekununda mətbuat konfransı keçirilib. Mətbuat konfransında Çexiyada yaşayan erməni əsilli jurnalist tərəfindən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova aprelin 2-də təmas xəttində baş verən hadisələrlə bağlı sual ünvanlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya məlumat verən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin sözlərinə görə, E. Məmmədyarov jurnalistin təxribatçı sualına cavab verərək bildirib ki, 2 aprel tarixində baş vermiş hadisələr bilavasitə Ermənistanın təxribatı ilə başlayıb:

“Nazir qeyd edib ki, həmin gün Ermənistan Silahlı Qüvvələri tərəfindən qoşunların təmas xəttində yerləşən mülki Azərbaycan əhalisi ağır artilleriya silahlarından atəşə tutulub. Bunun nəticəsində də mülki şəxslər arasında ölən və yaralananlar olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks həmlə tədbirləri həyata keçirilib, nəticədə mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edilib”.

Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir: 

“Nazir əlavə edib ki, münaqişənin həlli BMT-nin məlum 4 qətnaməsi əsasında təmin olunmalı, Ermənistanın işğalçı qüvvələri BMT TŞ-nin qətnamələrində tələb olunduğu kimi, dərhal və qeyd-şərtsiz, tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Nazir onu da qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri təxribatları davam etdirir. Aprelin 27-28-də də Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində qoşunların təmas xəttinə yaxın ərazilərdə mülki Azərbaycan əhalisi ağır artilleriyadan atəşə tutulub, nəticədə 2 nəfər həlak olub, 8 nəfər yaralanıb”.

E. Məmmədyarov  onu da qeyd edib ki, Ermənistanın işğalı və təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində mülki Azərbaycan əhalisi etnik təmizlənməyə məruz qalıb, bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

O, həmçinin Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində insanlıq əleyhinə cinayət əməlləri, o cümlədən hərbi cinayətlər törətdiyini qeyd edərək, bu xüsusda Xocalı soyqırımını göstərib, qeyd edib ki, bir gecədə Xocalı şəhərinin bütün əhalisi erməni silahlı bölmələri tərəfindən qətlə yetirilib.

0
65