XİN rəhbəri: Avropa İttifaqı ilə danışıqların başlamasını səbirsizliklə gözləyirik

XİN rəhbəri: Avropa İttifaqı ilə danışıqların başlamasını səbirsizliklə gözləyirik

“Azərbaycan özünün Aİ ilə münasibətlərində praqmatizmin sadiq tərəfdarı olub”.

Avropa İttifaqına üzv ölkələr arasında strateji tərəfdaşların sayının artması bizi eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vıseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

Nazir Azərbaycanın Riqa Şərq Tərəfdaşlığı sammitində Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq sazişi layihəsini təqdim etdiyini xatırladıb.

“Biz əminik ki, bu saziş ikitərəfli əlaqələri keyfiyyətcə yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq və Aİ-Azərbaycan əməkdaşlığının gələcəyi üçün daha yaxşı platforma rolunu oynayacaq. Bu yaxınlarda sözügedən saziş layihəsi üzrə birgə məsləhətləşmələri yekunlaşdırmışıq və hazırda danışıqların tezliklə başlamasını səbirsizliklə gözləyirik. V4 ölkələri Aİ kontekstində də bizim mühüm tərəfdaşımızdır və əminik ki, bizim önəmli Vışeqrad tərəfdaşlarımız Aİ Xarici Əlaqələr Şurası tərəfindən danışıqların aparılması üçün mandatın qəbul edilməsini təşviq edəcək”, - deyə nazir bildirib.

E. Məmmədyarov qeyd edib ki, Aİ qonşuluğunda yeni geosiyasi inkişaf və çağırışlar, həmçinin, Aİ-nin Azərbaycanla gələcək əlaqələrini formalaşdıracaq. 

“Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti (AQS) Aİ ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırması məqsədilə yenilənmiş AQS-də nəzərdə tutulan birgə tematik çərçivədə Avropa İttifaqı ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır.

Azərbaycan özünün Avropa İttifaqı ilə münasibətlərində praqmatizmin sadiq tərəfdarı olub. Bu yanaşma Azərbaycanın atdığı ən son addımlarda, xüsusən ikitərəfli əməkdaşlığın bərpasına yönəlmiş mövcud siyasi dialoq mexanizmində öz əksini tapır”, - deyə o vurğulayıb.

0
16