İlham Əliyev Nizami rayonunda – FOTO

İlham Əliyev Nizami rayonunda – FOTO

Prezident yenidənqurma işləri ilə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı Mikayıl Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə tanış olub. 

Oxu.Az-ın məlumatına görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, paytaxtın Heydər Əliyev prospekti ilə Babək prospektini birləşdirən, Heydər Əliyev adına Bakı neft emalı zavodunun, Milli Gimnastika Arenasının, habelə əhalinin istifadəsində olan kütləvi tədbirlərin keçirildiyi çoxsaylı obyektlərin yerləşdiyi və nəqliyyatın intensiv hərəkət etdiyi Mikayıl Əliyev küçəsi uzun illərdir təmir olunmayıb.

Bildirilib ki, görülən işlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən küçədə yağış-kanalizasiya sularının axıdılması üçün 2 kilometrdən artıq yeni sistem qurulub. Küçə boyunca yağış suları üçün barmaqlıqlar qoyulub, kommunikasiya xətlərinin dəmir-beton yataqları hündürləşdirilib, baxış lyükləri yenilənib.

Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılıb.

Uzunluğu 2800 metr, hərəkət hissəsi 4-6 zolaqlı olan yolun yenidən qurulması zamanı köhnə asfalt örtüyü təmizlənib, zəruri yerlərdə yol yatağı bərkidilib və küçəyə yeni asfalt-beton örtüyü döşənib.

Yenidənqurma işləri çərçivəsində küçə boyu hər iki istiqamətdə yeni piyada səkiləri yaradılıb, işıqlandırma sistemi qurulub. Bununla da şəhərin mərkəzi ilə 450 min nəfərdən çox əhalinin yaşadığı 8-ci Kilometr, Əhmədli və Günəşli qəsəbələri arasında nəqliyyat əlaqəsi xeyli yaxşılaşıb. 

Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, paytaxtın Nizami rayonunun Çobanzadə küçəsi də əsaslı təmir olunub. Uzunluğu 2340 metr olan küçəyə yeni asfalt-beton örtük döşənib, avtobus dayanacaqları quraşdırılıb.

Bundan əlavə, Naxçıvani küçəsinin də əsaslı təmiri başa çatıb. Uzunluğu 840 metr olan küçənin eni genişləndirilərək 9 metrə çatdırılıb. Yeni asfalt-beton örtüyü çəkilən küçədə bütün infrastruktur yüksək səviyyədə qurulub.

0
29