Çempionlar Liqasının ikinci finalçısı bəlli olur

Çempionlar Liqasının ikinci finalçısı bəlli olur

Bu gün Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ı “Mançester Siti”ni qəbul edəcək.

İngiltərədə baş tutan ilk oyunda qolsuz bərabərlik qeydə alındığı üçün cavab qarşılaşması xüsusi maraqla gözlənilir. “Kral klubu” doğma meydan amilindən yararlanmaq istəyindədirsə, “şəhərlilər” səfərdə vuracaqları qola ümidlidilər.

“Real”la ilk görüşdə zədələnən Davil Silva 1 aylıq sıradan çıxdığından, Madriddəki qarşılaşmada komandasına kömək edə bilməyəcək. Digər zədəli Yaya Ture “kral klubu” ilə ilk matçı buraxmışdı. Onun cavab qarşılaşmasında da iştirakı sual altındadı. Bundan əlavə, komandanın digər aparıcı oyunçusu Xesus Navas “Sauthempton”la çempionat görüşündə zədələnib. Pelleqrini ispan yarımmüdafiəçinin də “Real”la oyunu buraxacağını istisna etməyib.

La Liqada çempionluq şansı qalan “Real” əsas diqqəti Çempionlar Liqasına yönəldib. Bunu baş məşqçi Zinəddin Zidanın “Real Sosyedad”la çempionat görüşünə buraxdığı heyətdən də anlamaq mümkündü. “Zizu” əsas heyətin bir neçə üzvünə istirahət verib, onları “Mançester Siti” ilə qarşılaşmaya saxlamışdı. Lakin madridlilərin də heyətlə bağlı problemləri var. Zidanın əsas narahatlığı Kərim Benzema ilə bağlıdı. “Mançester Siti” ilə ilk oyunda dizaltı vətərindən zədələnən Benzemanın bu matçda iştirak etməyəcəyi dəqiqləşib.

Ronaldonun isə oyuna tam hazır olduğu bildirilib. Zidan “Mançester Siti” ilə ilk oyunu, həmçinin La Liqada “Rayo Valyekano” və “Real Sosyedad”la görüşləri buraxan 31 yaşlı superulduzun bugünkü qarşılaşmada onlara kömək edəcəyini bildirib.

0
15