Çingiz Əliyev: Gəmidə qadınlara da yer var – MÜSAHİBƏ

Çingiz Əliyev: Gəmidə qadınlara da yer var – MÜSAHİBƏ

“İngilis dilinin tədrisini icbari olaraq tətbiq etmək istəyirik”.

Dövlət Dənizçilik Akademiyası yaradılmasının 20 illiyini qeyd edir.

Bu münasibətlə akademiyanın rektoru Çingiz Əliyev bu təhsil ocağının nailiyyətləri və uğurlarını Oxu.Az-la bölüşüb.

- Çingiz müəllim, icazə verin, sizin simanızda akademiyanı 20 illik yubileyi münasibəti ilə təbrik edək. Yubiley ilini hansı göstəricilər ilə qarşılayırsınız?

- Çox sağ olun. Bəli, bu il yubileyimizdir. Məhz 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dənizçilik Akademiyası yaradılıb. Bu illər əzində çox hadisələr olub, ən mühüm hadisələr isə son iki ilin payına düşür. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Xəzər Dəniz Neft Donanmasının bazasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Gənclərlə işə, təhsil prosesinə, tələbələrin məişətinə xüsusi diqqət ayıran cəmiyyətin sədri Rauf Vəliyevin təşəbbüsü və səyləri nəticəsində akademiyada son zamanlarda gözəçarpan inkişaf mövcuddur.

Bu gün müəllim və tələbələr üçün gözəl şərait yaradılıb: qidalanma, yataqxana, geyim forması, təhsil-metodik vəsaitlər və bütün bunlar ödənişsizdir. Üzmə qabiliyyətinə dair təcrübə keçmək üçün akademiya Sankt-Peterburq Dənizçilik Universiteti ilə müqavilə bağlayıb, bu müqavilə çərçivəsində artıq bu il bizim əlaçı tələbələrimiz “Mir” yelkənlisində üzmə təcrübəsini keçəcəklər.

Akademiyanın tarixində ilk dəfə bizim bakalavrlarımız Kamran Lətifov gəmiçiliyin hesabına İsveçdə Beynəlxalq Gəmiçilik Universitetinin magistraturasında təhsil alacaq. Rauf Vəliyevin sözlərinə görə, xarici magistraturada təhsilalma ənənəsi gələcəkdə də davam etdiriləcək.

Düşünürəm ki, yuxarıda sadalanan imtiyazlar və proqramlar akademiyanı ölkənin digər ali təhsil müəssisələrindən fərqləndirir.

- Razılaşın ki, təhsil müəssisəsinin uğuru əsasən müəllim heyətindən asılıdır. Kadrlar məsələsi necə həll olunur?

- Bəli, bu belədir. Akademiyanın özünəməxsusluğu var, biz dərs demək üçün Xəzər gəmiçiliyinin kadrlarını cəlb etməyə çalışırıq. Yalnız təcrübə keçən mütəxəssislər tələbələrə dəniz sahəsində işləmək üçün lazım olan biliyi verə bilər.

Bundan başqa, akademiyanın doktoranturasında 30 müəllimimiz təhsil alır. Artıq bu il onlardan ikisi öz elmi işlərini elmlər doktoru dərəcəsi almaq üçün müdafiə etməyə hazırdırlar. Hazırda təhsil müəssisəsində professor-müəllim heyətinin cavanlaşması və çox gərəkli olan gənc kadrların hazırlanması prosesi gedir.  

- Gənclər arasında dənizçilik ixtisaslarının populyarlaşması üçün hansı addımları atırsıznız?

- Lazım olan bütün məlumatın saytımızda yerləşdirilməsindən başqa, bir çox tədbirləri öz gücümüzə edirik, Yuxarı sinif şagirdləri və onların valideynləri üçün “Açıq qapı” günləri, Bakı və region məktəblərində müxtəlif reklam aksiyaları keçiririk. Belə ki, mənim göstərişimlə bizim 20 müəllimimiz respublikamızın müxtəlif regionlarına ezamiyyətə göndərilib. Onlar plakat, prospekt, videoçarxlar kimi əyani vəsaitlərlə təbliğat apararaq potensial abituriyentlərdə tədris sistemi, eləcə də imtiyazlar və proqramlar haqqında təsəvvür yaratmağa çalışıblar.

Bu görüşlər akademiyada təhsilin perspektivləri, onun Xəzər gəmiçiliyini mütəxəssislərlə təmin edərək ölkənin iqtisadi inkişafında oynadığı mühüm rol haqqında ətraflı məlumat vermək imkanı yaradır.

Yuxarıda artıq qeyd etmişəm ki, akademiyada təhsil prosesi Xəzər gəmiçiliyinin xüsusi diqqətindədir. Belə ki, keçən il ilk dəfə səhmdar cəmiyyətin sədri yeni tələbələrimiz və onların valideynləri ilə görüşüb, Dənizçilik akademiyasının yaranma tarixinə qısa ekskusr edərək onları təhsil korpusları, yataqxana, trenajor zalı ilə tanış edib. Bu görüş birinci kurs tələbələri və valideynlərinin yaddaşında silinməz iz qoyub.

- Akademiya elm və istehsalat arasında əlaqəni həyata keçirirmi və ya yalnız mütəxəssislərin hazırlanması ilə kifayətlənir?

- Gəmi avtomatikasının müasir tədris-istehsalat bazasının, “Radar”, “Naviqasiya”, “Xəritənin elektron yaradılması” trenajorlarının, “General Əsədov” tədris gəmisinin, eləcə də elmi təcrübə laboratoriyalarının olması, akademiyada elmi işlərin aparılmasına da imkan yaradır. Bundan Azərbaycanın aparıcı universitetləri ilə başqa elmi-texniki əməkdaşlıq üzrə müqavilələr də mövcuddur.

Bu yaxınlarda biz Qafqaz Universiteti ilə memorandum imzalamışıq, memorandumun çərçivəsində təhsül müəssisələrinin kafedra və fakültələri müştərək elmi təcrübələr və layihələr həyata keçirəcək, müəllimlərin təkmilləşdirmə kurslarını təşkil edəcək, əməkdaş və aspirant mübadiləsi aparacaqlar. Biz, həmçinin 17 xarici universitet ilə memorandum bağlamışıq. Əminəm ki, yalnız Azərbaycanda deyil, eləcə də dünyada bu qəbildən olan elmi-istehsalat bazası ilə qürurlana biləcək az ali təhsil müəssisəsi tapılar.

- Bununla əlaqədar sual meydana gəlir: elmi konfranslar keçirirsiniz?

- Bəli, ilk dəfə deyil ki, may ayında ümummilli lider Heydər Əliyevin ad günü şərəfinə elmi-tədqiqat konfransı keçiririk. Keçən il Milli Elmlər Akademiyası tərəfindən dəniz nəqliyyatı sahəsində 15 tədqiqat işi qeydə alınıb, onlardan üçü bu elmi cəmiyyət tərəfindən yüksək qiymətləndirilib. Konfransda həm əyani, həm də qiyabi iştirak etmək olar, bunun üçün aparılan tədqiqat haqqında hesabat göndərmək yetərlidir. Hesabatla tanışlıqdan sonra tədqiqat müvafiq qiymətini alacaq.

Biz, həmçinin tələbə elmi-tədqiqat konfransları keçiririk, bu konfransların çərçivəsində tələbələr elmi publikasiyalarını təqdim edirlər. Hazırlıq və konfranslarda çıxışlar imtahan qabağı balların hesablanmasında nəzərə alınır. Yaxşı hazırlıq və elmi məqalənin təqdimatı üçün tələbə 30 bal alır. Tədris prosesinə belə yanaşma tələbələr sessiyanı yaxşı göstəricilər ilə başa vurmaq üçün əlavə stimul verir.

- Siz müsahibələrinizdə dəfələrlə qeyd etmisiniz ki, dənizçi – beynəlmiləl ixisasdır və buna görə də hansısa xarici dili bilmək, daha çox həyati vacibdir. Zəhmət olmasa deyərdiniz, akademiya xarici dillərin öyrənilməsində hansı addımları atır?

- Bəli, xarici dil biliyi kommunikatorun mühüm tərəfidir. Sirr deyil ki, postsovet ölkələrinin üstünlük təşkil etdiyi Xəzər, Qara dəniz regionunda ən azı rus dilini, beynəlxalq reyslər üçün isə ingilis dilini bilmək lazımdır. Bundan başqa, özünü dünyanın istənilən nüfuzlu tədris müəssisəsinin tələbəsi görmək və öz karyerasını qurmaq istəyən xarici dillərin öyrənilməsinə diqqət ayırmalıdır.

Ona görə də bütün kurslarda rus və ingilis dillərinin fakültativ əsasda tədrisi – rektor kimi həyata keçirdiyim yeniliklərdəndir. Yaxın perspektivdə birinci kursdan ingilis dilinin tədrisini icbari olaraq tətbiq etmək istəyirik.

- Xarici dilin təbliği üçün nə edirsiniz?

- Xəzər gəmiçiliyinin və Təhsil Nazirliyinin dəstəyi ilə artıq iki ildir ki, tələbələr arasında “Dil – karyeraya aparan yoldur” adlı ümumrespublika müsabiqəsini keçiririk. Müsabiqənin mahiyyəti: 5 dəqiqə ərzində sərbəst aktual mövzuya dair hesabat hazırlamaqdır. İngilis dilində audio-vizual materialların nümayişinin yardımı ilə tələbələr növbəti dəfə dilin karyeraya doğru aparan yolda əsas amillərdən olduğunu sübut etdilər.

Müsabiqə sayəsində biz tələbələrin “presentation skills” səviyyəsini yoxlaya bildik, bu dünyada mövcud problemlərə auditoriyanın diqqətini çəkə bilmək qabiliyyətidir.

- Tədbirləri sırf öz tələbələriniz üçün keçirirsiniz?

- Xeyr, keçən il ölkənin müxtəlif ali təhsil müəssisələrindən 30-dan çox tələbə iştirak edirdi. Üç mükafatçıya, onlardan biri akademiyanın tələbəsi oldu, dəyərli hədiyyələr təqdim edildi. Müsabiqənin yüksək səviyyədə təşkil edilməsi və mükafatçıların müəyyən edilməsində şəffaflıq müşahidəçilər və iştirakçılar arasında elə böyük təəccüb və marağa səbəb olmuşdu ki, artıq bu il müsabiqədə Azərbaycanın 18 universitetindən tələbələr iştirak etmək istədiklərini bildiriblər.

- ADGA-nın diplomları beynəlxalq səviyyədə tanınır?

- Akademiya Beynəlxalq Dənizçilik Təşkilatının dənizçilik ali təhsil müəssisələri kataloqunda qeyd edilib, bu səbəbdən də müəssisəni diplomları dünyanın 160-dan çox ölkəsində tanınır. Bundan başqa, biz müxtəlif sertifikatlara sahibik: dənizçilik mütəxəssislərini hazırlanması üzrə İSO beynəlxalq standart; Rusiya gəmiçilik qeydiyyat və s. Biz trenajorlarımızın Azərbaycanın dövlət dənizçilik administrasiyası tərəfindən tanınmasına dair şəhadətnaməyə sahibik. “American Bureau of Shipping” auditin nəticələrinə görə, biz Azərbaycan Dövlət Dənizçilik Akademiyasına və dənizçilərin hazırlığı və sertifikasiyası üzrə mərkəzin müvafiqliyinə dair ilkin sertifikat almışıq. Düşünürəm ki, ilin sonuna qədər Amerika gəmiçilik bürosu tərəfindən tam tanınacağıq.

1294 tələbədən, yarısından çoxu Azərbaycanın regionlarından gəlib, burada həmçinin Türkiyə, Rusiya, Qazaxıstan və Türkmənistandan da gələn tələbələr təhsil alır. Qeyd etmək laızmdır ki, bu gün dənizçilik sənətini yalnız oğlanlar deyil, eləcə də qızlar seçir. Akademiyada bu gün 50-yə yaxın qız təhsil alır.

- Bəs kişilərin ənənəvi “gəmidə qadın bədbəxtçilik əlamətidir” deyimi necə oldu?

- (Gülümsəyir -red.). Akademiyada müəyyən ixtisaslar (menecment, servis, gəmiqayırma) açıldıqda təhsil müəssisəsinə Azərbaycandan və Qazaxıstandan qızların daxil olması mümkün oldu. Axı bizim xalqların ənənəsinə görə, gəmidə qızlara yer olmadığı hesab edilirdi, ona görə də onları dənizçilik ixtisaslarına yiyələnməyə icazə vermirdilər.

Rusiyada bununla heç zaman problem olmayıb, qızlar həm mexanik, həm də şturman sənətinə yiyələnmək üçün oxuyublar. Anna Şetinina dünyada ilk uzaq səfər kapitanı, “Dənizçilik işi” - ali və orta dənizçilik müəssisələri üçün tədris vəsaitinin müəllifi olub. O, dövrdə kişilərdən heç kim gəminin idarəçiliyi haqqında kitab yazmamışdı, o isə yazdı!

Mənim o zaman oxuduğum Leninqrad Dənizçilik İnstitutunun gəmi idarəsi üzrə müəllimi, bu kitab üzrə imtahanlara hazırlaşmağı qadağan edirdi! Və xəbərdarlıq edirdi ki, sözündən çıxan iki alacaq! O, müəlliflik faktına qısqanclıqla yanaşırdı və qadının gəmidə bədbəxtlik gətirməsi əlamətinə kəsinliklə inanırdı!

Öz növbəsində isə Leninqrad Mühəndislər İnstitutunun gəmi sürücülüyü fakültəsinin məzunu Valentina Orlikova – yeganə qadın kapitandır, ölkənin balıqçılıq sahəsində ilk qadındır.  

Bu əfsanəvi qadınlar Sosialist Əmək Qəhrəmanı adına layiq görülüblər, onlar Böyük Vətən Müharibəsi veeranlarıdır.

Belə ki, qadın gəmidə bədbəxtlik əlaməti deyil.

- İşlə təminedilmə məsələsini necə həll edirsiniz?

- Xəzər gəmiçiliyinin rəhbərliyi ilə gənc kadrların vacibliyinə dair məsləhətləşərək, belə bir nəticəyə gəldik ki, tələb olunmayan ixtisasları bağlayaq və yalnız kəskin tələbat olan ixtisasları saxlayaq. Ona görə də bu gün akademiyada doqquz ixtisası birləşdirən üç fakültə var. Amma yaxın perspektivdə bu ixtisasları da beşə qədər azaltmağı düşünürük.

Bu ildən başlayaraq Xəzər gəmiçiliyinin göstərişi ilə akademiyanın bütün məzunları işlə təmin ediləcək. Təbii ki, məzunlara qarşı bilik və peşəkar keyfiyyətlərin olmasına tələb yüksək olacaq, əminəm ki, belə yanaşma tələb olunan peşəyə yiyələnmək və işlə təmin olunmaq məqsədinə nail olmaq üçün müəyyən stimul verəcək.

- Maraqlı müsahibə üçün təşəkkür edirəm.

Sevinc Sarablinskaya

0
31