Tbilisidə aksiya: Gəl de, gələk! Öl de, ölək!

Tbilisidə aksiya: Gəl de, gələk! Öl de, ölək!

Tələbələr Ermənistanın təcavüzkar siyasətini pisləyiblər.

Gürcüstan ali məktəblərində təhsil alan Azərbaycan və Gürcüstan vətəndaşları olan azərbaycanlı tələbələr Azərbaycanın Tiflisdəki səfirliyi qarşısında dəstək aksiyası keçiriblər.

Oxu.Az xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, 60-dan çox tələbə əllərində müxtəlif şüarlar Tiflisin küçələrindən keçiblər.

Onlar “Dağlıq Qarabağ Azərbaycan torpağıdır!”, “Gəl de, gələk! Öl de, ölək!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndiriblər. Tələbələr əllərində Azərbaycan, Türkiyə və Gürcüstanın bayraqlarını tutaraq ermənilər tərəfindən işğal olunan torpaqların azad olunmasına həmişə hazır olduqlarını bildiriblər. 

Azərbaycanlı tələbələr Gürcüstan ali məktəblərində təhsil alan gürcü gənclərinin də onların bu arzusunu dəstəklədiklərini, Gürcüstanın da 20 faiz torpaqlarının işğal olunduğunu bildiriblər.

Tələbələr Ermənistanın təcavüzkar siyasətini pisləyiblər.

Əksəriyyəti Gürcüstan vətəndaşları olan azərbaycanlı gənclər ürəklərinin Azərbaycanla döyündüklərini bildiriblər.

Azərbaycan səfirliyi qarşısında keçirilən dəstək aksiyasında gəncləri səfirliyin rəsmilərindən İlyas Məmmədov və Samirə Ağayeva dəstəkləyiblər, onlara minnətdarlıqlarını bildiriblər. Azərbaycan səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri S. Ağayeva azərbaycanlı tələbələrin həmrəyliyini alqışladığını bildirib. Onun sözlərinə görə, indiki vaxtda belə bir birlik və həmrəylik bizi daha güclü edir. 

“Bu, ağır günlərimizdə böyük dəstəkdir. Güclü dövlət həm də bilikli və bacarıqlı tələbələri ilə fəxr edir. Bizə hərtərəfli dəstək verdiyiniz üçün səfirlik adından minnətdarlığımızı bildiririk”, - deyə o vurğulayıb.

0
17