Zaqatalada radikallara qarşı əməliyyat: Saxlanılanlar var - YENİLƏNİB

Zaqatalada radikallara qarşı əməliyyat: Saxlanılanlar var - YENİLƏNİB

DİN, DTX və Baş Prokurorluq rəsmi məlumat yayıb.

Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq Zaqatalada keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.

Oxu.Az-a daxil olan birgə məlumatda bildirilib ki, respublikanın hüquq mühafizə orqanları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı uğurlu əməliyyat tədbirləri həyata keçirilir.

Belə ki, daxili işlər, prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meyilləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıblar.

Üzərlərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silahı, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası, həmçinin təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

11:46

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı Zaqatalada tutulan şəxslərin adları məlum olub.

Oxu.Az xəbər verir APA-nın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər rayon sakinləri - Vaqif Padarov, İslam Ağalarov, Vüqar və Əbdürrəhman adlı şəxslərdir.

Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.

Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.

10:54

Zaqatala rayonunda polis genişmiqyaslı əməliyyat keçirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində 10-a yaxın radikal dini cərəyanın nümayəndələri saxlanılıb.

Onlardan qadağan olunmuş dini ədəbiyyat, xeyli sayda silah-sursat, o cümlədən qumbaralar götürülüb.

Xatırladaq ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

0
162