Tolik Mehriban Xanlarovaya cavab verdi: "Aygün Kazımovaya görə..."

Tolik Mehriban Xanlarovaya cavab verdi: "Aygün Kazımovaya görə..."

Əməkdar artist Mehriban Xanlarovanın prodüser Tolik ( Tarix Əliyev ) barəsində dediyi sözlər cavabsız qalmayıb. Lent.az-a açıqlama verən prodüser bildirib ki, onun M.Xanlarovayla münasibətinin pozulmasına əsas səbəb xalq artisti Aygün Kazımovayla işləməsi olub: “Mənim indi Mehriban Xanlarovayla heç bir problemim yoxdur. “Maşın şou”da mən Aygün Kazımovayla işləyirdim. Həmin müddətdə də Aygün xanımla Mehriban arasında problem olduğuna görə, mən də təbii ki, Aygün Kazımovanın cəbhəsində olmalıydım. Hazırda Aygün xanımla  işləməsəm də, münasibətlərim yaxşıdır. İndi o demək deyil ki, Aygün Kazımovanın düşmən olduğu adamlarla mən də düşmən olmalıyam. Normalda mənim Mehriban Xanlarovayla "salam-sağolum" var. O vaxtı da “İnstagram” səhifəmdə onun bir videosunu paylaşmışdım, sonra sildim. Çünki gördüm ki, etikaya uyğun deyil”.

Tolik M.Xanlarovanın onun barəsində söylədiyi “Tolik öz “İnstagram” səhifəsində nəsə yazmışdı, pərəstişkarlarım ona  hücum çəkəndən sonra yazdığını sildi”, sözlərinə də münasibət bildirib: “Kimin fanatları? Mənlə Mehriban xanımın “İnstagram” səhifəsindəki izləyiciləri müqayisə etsək, ondan düz 10 dəfə artıq oxunuram. Mənim 202 min, Mehriban xanımın 16 min izləyicisi var. İlk öncə mənim izləyicilərimə baxsın, sonra özünün. Amma buna baxmayaraq mən Mehriban xanıma demək istəyirəm ki, heç narahat olmayın mən sizin xətrinizi çox istəyirəm. Bu şou-biznesdir, siz də bu aləmdə varsız. Mən sabah sizi hardasa görsəm, salam verəcəm. Bu o anlama gəlməsin ki, mən bu gün Aygün Kazımovayla işləmirəm deyə, Mehribanla münasibətim var. Yox, anlaşılmazlıq o vaxt olub, artıq hər şey qaydasındadır. Məndən yaşda böyükdür, hörmətini saxlayıram”.

Xatırladaq ki, M.Xanlarova ötən gün Lent.az-a müsahibəsində Tolik barədə bu sözləri demişdi: “Bir yazıda da gördüm ki, prodüser Tolik mənim haqqımda nəsə yazıb. Mən bilmirəm, Tolikə nə etmişəm?! Aygünü yarışdan çıxarandan sonra mənimlə düşmən olub. Məni görəndə öpüşüb, görüşürdü. Hətta “İnstagram” səhifəsində barəmdə nəsə yazmışdı, pərəstişkarlarım da ona hücum çəkmişdi. O da sonra yazdığını silmişdi. Bu yaxınlarda da sosial şəbəkədə yarış keçirilirdi və guya “İlin aktrisası” müəyyənləşirdi. Tolik yazmışdı ki, inşallah, Vəfa Zeynalova ilə Məleykə Əsədova qalib olar. Olsun da. Onlar da mənim azərbaycanlımdır. Bu sözləri yazmağınla nə demək istəyirsən ki? Sən kişisən, get otur kişiliyini elə də. Arvad işinə niyə qarışırlar? Bir də ki, ay Tolik, mən sənə nə etmişəm? Düşməninəm? Nəyini əlindən almışam? Hansı bostanına daş atdım ki, başına dəydi?”

Qeyd edək ki, iki məşhur arasındakı qalmaqal "Maşın şou"su yarışmasında başlamışdı. Belə ki, M.Xanlarovanın yarışdan A.Kazımovanı uzaqlaşdırması prodüserin ürəyincə olmamışdı. O, sosial şəbəkədə aktrisanın ünvanına tənqidi fikirlər yazmışdı.

0
20