Tanınmış teleaparıcı: "Qızımın bu sahədə olmasını istəmirəm"

Tanınmış teleaparıcı: "Qızımın bu sahədə olmasını istəmirəm"

“Space” telekanalında  yayımlanan “Sevimli mahnı” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu maraqlı açıqlamalar verib. Lent.az xəbər verir ki, musavat.com-a müsahibə verən teleaparıcı tənqid edilməsi ilə bağlı deyilənlərlə razılaşmayıb: “Heç vaxt mənə yaxınlaşıb deməyiblər ki, pis aparıcısan, səni bəyənmirik. Məni tənqid edənlər xüsusi seçilmiş insanlardır, onlar xalq arasında mənim barəmdə mənfi rəy yaradırlar. Məsələn, yoldan keçən birini göstərib mən də, yanımdakı da desə pis insandır, siz inanacaqsınız. Məni sosial şəbəkədə tənqid edənlər xüsusi təşkil olunmuş insanların küyünə gedir. Görürlər ki, filankəs pisləyir, fikirləşirlər ki, yəqin pisdir, biz də vuraq. Mən bir-bir qapı döyüb deyə bilmərəm ki, yaxşı insanam, sizin düşündüyünüz kimi deyiləm. Bir dəfə məni təhqir etmiş şəxsin ünvanını tapdım, Sumqayıtdakı evinə getdim. Qapını həmin şəxsin atası açdı, bildirdi ki, oğlu əsgərdir. Həmin əsgərlə danışdım, telefonda üzr istədi. Aparıcı olduğum üçün heç vaxt peşman olmamışam”.

M.Güləddinoğlu aparıcısı olduğu verilişdən uzaqlaşdırılmasından da danışıb: “Böyüklərin (red. MTRŞ-ni nəzərdə tutur) qərarı ilə mən proqramdan uzaqlaşdırıldım. “Sevimli mahnı” “Sevimli şou” qədər sevilmir. Böyük kütlə, xüsusilə, bölgə sakinləri “Sevimli şou”nu sevirdi. Orada istifadə etdiyim sözlər, göstərdiyim şou insanlara doğma idi. Hazırda “Sevimli şou”nun aparıcısı Ramil Əliyevdir, onunla yaxşı münasibətimiz var, gözəl insandır. Reytinq məsələsindən danışmaq istəmirəm. Bəlli məsələdir”.

Teleaparıcı övladlarının gələcəkdə televiziya sahəsində çalışması ilə bağlı suala isə belə cavab verib: “Oğlum olsa, istəyərəm, qızımın bu sahədə olmasını istəmirəm. Allah qızı zərif, kəsik yaradıb. Mənimlə qadın müğənni yoldaşlar məcburiyyətdən toylara gedir, evlərinə gecə saatlarında qayıdırlar. Balasını böyütməlidir, ona görə bu məşəqqətlərə dözür. Qızım niyə əziyyət çəksin? Qız xoşbəxt olmalıdır. Mən şair deyiləm, amma qızlarıma “Qızım gəlin köçəcək, mən hələ yatmamışam” şeirini yazmışam. Uşaqlarım olandan kövrək olmuşam, filmə baxıb ağlayıram. Yeganə varlıq övladdır ki, insan onun üçün ölümə gedər”.

0
23