Elmira Süleymanova Avropa Ombudsmanlar İnstitutuna etiraz məktubu göndərdi

Elmira Süleymanova Avropa Ombudsmanlar İnstitutuna etiraz məktubu göndərdi Ölkəmizlə bağlı qərəzli və böhtan dolu məlumatların yerləşdirilməsi ilə əlaqədar.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Avropa Ombudsmanlar İnstitutunun (AOİ) saytında ölkəmizlə bağlı qərəzli və böhtan dolu məlumatların yerləşdirilməsi ilə əlaqədar həmin qurumun Baş katibi Yozef Zigelə etiraz məktubu göndərib.

Bu barədə Oxu.Az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. 

E. Süleymanova məktubunda “Avropa Ombudsmanlar İnstitutunun 11.04.2016-cı il tarixli “AOİ Dağlıq Qarabağdakı mülki əhalinin insan hüquqlarının pozulmasını və mülki obyektlərə olan hücumları qınayır” başlıqlı bəyanatına etirazını bildirib: 

“Əslində isə Dağlıq Qarabağdakı mülki əhaliyə qarşı heç vaxt belə bir hücum olmayıb. Məlum olduğu kimi, erməni hərbi qüvvələri öz torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən atəşkəsi mütəmadi olaraq pozur və onların əsas hədəfi yaxın şəhər və kəndlərdə yaşayan dinc əhalidir. Bunu sübut edən çoxsaylı faktlar var. 

Yuxarıda göstərilən, düzgün ifadə olunmayıb və həqiqəti əks etdirməyən bəyanatınızdakı cümləyə istinad edərək erməni informasiya saytları “AOİ Dağlıq Qarabağdakı mülki əhaliyə qarşı hücumlara görə Azərbaycanı qınayır” ifadəsi kimi dezinformasiya yayır və dünya ictimaiyyətinin fikrini  çaşdırmağa çalışır. Buna görə də biz AOİ-nin 11.04.2016-cı il tarixli həmin bəyanatın saytdan götürülməsini və təkzib verilməsini tələb edirik”.
 
E. Süleymanova məktubunda qeyd edib ki, qondarma “Dağlıq Qarabağ Respublikasının” “insan hüquqları müdafiəçisinin” “2-5 aprel 2016-cı il tarixdə Azərbaycan hərbi qüvvələri tərəfindən Dağlıq Qarabağ Respublikasının mülki əhalisinə və Dağlıq Qarabağ ordusunun hərbi qulluqçularına qarşı törədilən vəhşiliklər” adlı saxta aralıq hesabatı AOİ-nin rəsmi saytında yerləşdirilib: 

“Belə saxtalaşdırılmış məlumatların yayılmasının dayandırılması məqsədilə həmin məruzənin saytınızdan götürülməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini tələb edirik.
 
AOİ tərəfindən dəstəkləndiyini öz səhifələrində qeyd etmiş www.euro-ombudsman.org saytı da həmçinin Dağlıq Qarabağda mövcud vəziyyətlə bağlı həqiqətləri əks etdirməyən informasiyalar yayır. Biz dəfələrlə müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən AOİ-ə bəyanatlar göndərərək bildirmişik ki, dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, habelə BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi birləşmələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir ki, bu da  işğal faktını bir daha sübut edir. 

Bundan başqa, bu məsələlər dəfələrlə AOİ-nin üzvlərinin iştirakı ilə keçirilən Baş Assambleyanın sessiyalarında və müxtəlif görüşlərdə tərəfimizdən gündəmə gətirilmiş və müzakirə olunub. Biz həmişə AOİ-yə ünvanlanan məktublarda bu quruma beynəlxalq hüquqa uyğun olaraq insan hüquqlarının təmini və müdafiəsi eyni zamanda, onların pozulmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən ciddi bir təşkilat kimi baxdığımızı qeyd etmişik. 

Lakin 25 ildən çox müddətdə mülki əhalinin insan hüquqlarının kütləvi pozulması ilə nəticələnən Azərbaycan ərazisinin 20 faizinin işğal faktını qınamayaraq, əksinə bu cür separatçı rejimin informasiya mənbələrindən göndərilmiş saxtalaşdırılmış hesabatların Sizin saytınızda yerləşdirilməsinə rəvac verməklə münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərmək əvəzinə, onun daha da gərginləşməsinə səbəb olursunuz”.
 
“Biz AOİ-yə ünvanlanmış bəyanat və məktublarımızın tərəfinizdən cavablandıracağınıza ümid edirik. Həmçinin, biz inanırıq ki, Siz qeyd olunmuş hesabatı və məlumatı öz saytınızdan siləcək və gələcək fəaliyyətinizdə bu cür hərəkətlərin qarşısını alacaqsınız. Xüsusilə vurğulanmalıdır ki, “Dağlıq Qarabağ Respublikası” adlı bir dövlətin mövcud olmadığını və həmin torpaqların Azərbaycan Respublikası əraziləri olduğunu sübut edərək, 2010-cu ildə Azərbaycan Ombudsmanının hüquqi əsaslandırılmış haqlı təkidi və tələbi ilə o zaman AOİ-nin institusional üzvləri sırasında göstərilmiş “Dağlıq Qarabağ Respublikasının ombudsmanı” həmin təşkilatın üzvlüyündən çıxarılıb.

Qeyd edilməlidir ki, artıq uzun illərdir Azərbaycan Ombudsmanı bir çox beynəlxalq qurumların, o cümlədən AOİ-nin üzvü kimi bu qurumun Baş Assambleyasının sessiyalarında və müxtəlif görüşlərində iştirak edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, ermənilər tərəfindən törədilən vəhşilikləri, təmas xəttində yaşayan dinc əhalinin, onların evlərinin, təsərrüfatlarının, habelə sosial obyektlərin hədəfə alındığı və bunun nəticəsində baş verən faciələr barədə məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış, AOİ üzvləri arasında bu həqiqətləri əks etdirən xarici dillərdə kitabları, bukletləri və diskləri yayıb” – deyə etiraz məktubunda bildirilib.

0
25