Cəbhəboyu rayonlar minalardan təmizlənib

Cəbhəboyu rayonlar minalardan təmizlənib 12 partlayış yeri yoxlanılıb.

Bu gün cəbhəboyu rayonların ərazilərində 12 partlayış yeri yoxlanılıb. 

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Aprelin 29-da Agentlik tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat:

Tərtər rayonu

Tərtər şəhəri - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Əfətli kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 152 mm-lik top mərmisi aşkar olunaraq zərərsizləşdirilib, nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Qaraxanlı kəndi - 8 ev və həyətyanı sahədə 10 partlayış yerinə baxış keçirilib, PHS aşkar edilməyib (DİN-in "102" Xidməti - Zəng mərkəzinin məlumatı).

Aprelin 29-da Agentlik tərəfindən 10 ev, 12 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib və 3 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə ANAMA tərəfindən 7-29 aprel 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 378 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 294 ədəd PHS, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

0
25