Oqtay Əsədov: Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər

Oqtay Əsədov: Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər “Cəbhədəki son hadisələr bunu sübut etdi”.

Aprelin 29-da Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Maltanın xarici işlər naziri Corc Vellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sədr qonağı səmimi salamlayaraq bildirib ki, Azərbaycan Malta ilə əlaqələrin inkişafında maraqlıdır: 

“Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi ölkəmizin xarici siyasətində önəmli yer tutur. Malta ilə siyasi əlaqələrimizin yüksək səviyyədə olması digər sahələrdə münasibətlərimizin inkişafı üçün yaxşı şərait yaradır. Bu günədək ölkələrimiz arasında iki sənəd imzalanıb. Zənnimizcə, münasibətlərimizin hüquqi bazasını daha da möhkəmləndirmək günün tələbidir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar mövcuddur”.

O.Əsədov deyib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir: 

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri buna parlaq misaldır. TANAP və TAP kimi qaz layihələrinin reallaşması isə Avropanın enerji xəritəsini tamamilə dəyişəcəkdir. Ölkəmiz Maltanın enerji sektoruna investisiya yatırımında da iştirak edir”.

Spiker qeyd edib ki, öz iqtisadi inkişafına görə regionun lideri olan Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var: 

“Münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının, AŞ PA-nın qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Cəbhəyanı bölgələrdə erməni silahlıları tərəfindən dinc əhali, yaşayış və ictimai binalar atəşə məruz qalır. Cari ilin aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut etdi ki, Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər. Ancaq biz hesab edirik ki, münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi, beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həlli üçün hələ imkanlar qalmaqdadır. Bunun üçün nüfuzlu beynəlxalq qurumların və ayrı-ayrı dövlətlərin səylərinin artırılmasına ehtiyac var”.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Maltanın xarici işlər naziri C.Vella ölkəmizə səfərindən və burada apardığı danışıqlardan söhbət açıb. Qeyd edilib ki, Malta bir Avropa ölkəsi kimi Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu sahədə parlamentlər də müsbət rol oynaya bilərlər. İqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq ümumi mənafelərə xidmət edir.

Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarı olduğunu söyləyərək, atəşkəs rejiminə əməl olunmasını önəmli hesab edib. O, ATƏT-in Minsk qrupunun bu sahədə gördüyü işlərdən danışaraq, problemin həlli üçün danışıqlar prosesinin davam etdirilməsini çıxış yolu kimi dəyərləndirib.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və həyatın digər sahələrində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Maltadakı səfiri Məmməd Əhmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.

0
25