Ali məktəblərə qəbul imtahanlarında cəmi üç fənn olacaq

Ali məktəblərə qəbul imtahanlarında cəmi üç fənn olacaq “Eyni səviyyədə olan sualları hər il hazırlamaq çox çətindir”.

Ali məktəblərə qəbul imtahanlarında cəmi üç fənn olacaq.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN radio”nun “Qəbuldasan” verilişində deyib.

O bildirib ki, bakalavr imtahanında Ana dili və Riyaziyyat fənlərindən olan nəticələr eyni fənnin buraxılış imtahanından olan nəticələrlə əvəz edilə bilər: 

“Amma hələlik buraxılış imtahanının səviyyəsi, xüsusilə I və II qruplarda olan Riyaziyyat fənnindən olan suallarla buraxılış imtahanında eyni fənlərdən hazırlanan suallar eyni səviyyədə deyil. Bu səbəbdən də hələ bu prosesin reallaşması mümkün deyil. Biz bununla bağlı iş görürük, bu proses üç il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları üç fəndən ibarət olsun”.

Məleykə Abbaszadə bildirib ki, imtahanlardan sonra sualları sosial şəbəkələrdə yayanlar qanunu pozurlar: 

“Biz bu yaxınlarda bununla bağlı müəyən sənədlər hazırlamışıq və mən həmin sənədləri imzalamışam. Biz hansı saytdan bu məlumatların yayıldığını müəyyənləşdirmişik və onları məhkəməyə verəcəyik”.

Sədr qeyd edib ki, hər bir fəndən olan sualları hazırlamaq üçün kifayət qədər maliyyə vəsaiti sərf olunur: 

“Eyni səviyyədə olan sualları hər il hazırlamaq çox çətindir. Bu səbəbdən də suallar bir neçə il sonra təkrar oluna bilər. Bütün bu səbəblərdən imtahanlardan sonra suallaın verilməsi doğru deyil”.

0
21