“Bakı Marafonu 2016” iştirakçılarına təlimatlar açıqlandı

“Bakı Marafonu 2016” iştirakçılarına təlimatlar açıqlandı Maksimum 4 saat 30 dəqiqə vaxt verilir.

“Bakı Marafonu 2016” iştirakçıları aprelin 29-dan etibarən iki gün ərzində öz iştirak nömrələrini təhvil ala bilərlər.

Oxu.Az-ın məlumatına görə, onlar bunun üçün marafonun «28 Mall» ticarət mərkəzinin dördüncü mərtəbəsində yerləşən qeydiyyat məntəqəsinə müraciət etməlidirlər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu 2016” mayın 1-də keçiriləcək. Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq.

Yarış günü bütün iştirakçılar səhər saat 08:30-da start xəttində olmalıdırlar. 

Marafon saat 10:00-da başlayacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilir.

Start xəttinə gələnlərin ilk növbədə iştirakçı nömrələri yoxlanılacaq. Hansısa səbəbdən öz iştirakçı nömrəsini almayanlar, yarış günü start nöqtəsindəki qeydiyyat məntəqəsinə yaxınlaşıb nömrələrini təhvil ala bilərlər.

Marafonun start zonasında çanta təhvili xidməti fəaliyyət göstərək. Buraya yalnız yarış çantalarını təhvil vermək olar. Çantaları təqdim edərkən üzərilərinə xüsusi stikerlər yapışdırılacaq. İştirakçılar çantalarını bu zonaya təhvil verməzdən əvvəl yarış nişanı stikerinin ona bərkidildiyinə əmin olmalıdırlar.

Çantalar finiş xəttinə gətiriləcək və marafonçular yarış bitdikdən sonra - saat 17:30-dan, Bakı Olimpiya Stadionunu tərk etməzdən əvvəl çantalarını götürməlidirlər.

Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərlərini finiş xəttinə çatdırmaq üçün marşrut boyu avtobus dayanacaqları qurulacaq. Ümumilikdə 5 avtobus dayanacağı nəzərdə tutulub. 

Dayanacaqlar Dövlət Xalça Muzeyinin qarşısında, "Boulevard Hotel"in, Heydər Əliyev Mərkəzinin yanında, "Koroğlu" metrostansiyası yaxınlığında və Böyük Şor Bulvarında olacaq.

Marşrut boyu iştirakçılara yardım məntəqələri də fəaliyyət göstərəcək. Burada iştirakçılar su və ilkin tibbi yardımla təmin ediləcək, həmçinin yarış boyu iştirakçıları təcili tibbi yarım maşınları müşayiət edəcək.

Yarışda iştirakçılar da öz təhlükəsizlik və sağlamlıqlarına məsuliyyətlə yanaşmalıdırlar. Bunun üçün iştirakçılardan digər marafonçulara qarşı nəzakətli olmaq, başqalarına mane olmamaq üçün yolun sol tərəfi ilə hərəkət etmək, yarış rəsmiləri, könüllülər və yol nəzarətçilərinin təlimatlarına əməl etmək xahiş olunur.

Marafon iştirakçılarından start nöqtəsinə ictimai nəqliyyatla gəlmələri rica olunur.

0
25