İlham Əliyev: 2016-cı il dərin iqtisadi islahatlar ilidir

İlham Əliyev: 2016-cı il dərin iqtisadi islahatlar ilidir “Çox ciddi addımlar atılıb”.

2016-cı il dərin iqtisadi islahatlar ilidir. İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır. İlin əvvəlindən 30 mindən çox yeni iş yeri açılıbdır. İşsizliyə qarşı mübarizə aparılır və yeni müəssisələr, sənaye sahələri, zavodlar, fabriklər açılır, o cümlədən Ağsu rayonunda. Gələcəkdə sənaye potensialımızın artırılması, kənd təsərrüfatının inkişafı, əlbəttə ki, yeni bir vəziyyət yaradacaqdır.

Oxu.Az xəbər verir ki, , bu sözləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında deyib.

“Sahibkarlıqla bağlı çox ciddi addımlar atılıbdır. Biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı, ixrac potensialımızın artırılması və idxaldan asılılığımızın azaldılması istiqamətində çox ciddi işlər gedir.

Bizim üçün keçmişdə ənənəvi olan sahələr indi yenidən canlanır. Bilirsiniz ki, mən pambıqçılığın inkişafı ilə bağlı müvafiq göstərişlər verdim. Artıq işlər başlayıb və o cümlədən Ağsu rayonunda bu il 1000 hektardan çox sahədə pambıq əkiləcək. Bu proses başlamışdır. Sovet dövründə Azərbaycanda ulu öndər Heydər Əliyevin böyük zəhməti, səyləri nəticəsində hər il 800 min, 900 min, hətta 1 milyon ton pambıq istehsal olunurdu.

Mən statistikaya baxdım. Keçən il cəmi 35 min ton pambıq istehsal olunub. Bu il 50 min hektarda pambıq əkiləcək. Əkin başlayıb və biz ən azı 100 min ton məhsul gözləyirik. Yəni, keçən ildən fərqli olaraq 3 dəfə çox. Ağsu rayonunda isə Sovet dövründə 5 min hektar pambıq əkilirdi. Bu il 1000 hektardan çox əkiləcək. Əminəm ki, gələn il siz Sovet dövründəki səviyyəyə çatacaqsınız. Bu, yerli istehsal, iş yerləri deməkdir. İnsanlar yaxşı pul qazanacaqlar və biz ixracyönümlü məhsul əldə edəcəyik”, - dövlət başçısı bildirib.

0
19