Nazirlik vergidən yayınan şəbəkəni aşkarladı

Nazirlik vergidən yayınan şəbəkəni aşkarladı

E-ticarətlə məşğul olan vergi ödəyicilərinin fəaliyyəti təhlil olunub.

E-ticarətlə məşğul olan və məhsulları internet vasitəsilə reklam olunan vergi ödəyicilərinin fəaliyyəti təhlil olunarkən, “SİNTRA+” brendi adı altında su filtrlərinin satışını həyata keçirən fiziki şəxslər tərəfindən təqdim edilmiş vergi hesabatlarında bəyan olunmuş vergi öhdəlikləri və muzdlu işə cəlb edilmiş işçi sayları arasında ciddi kənarlaşmalar aşkarlandığından, həmin vergi ödəyicilərində vergi nəzarəti tədbirləri həyata keçirilib.

Bu barədə Vergilər nazirliyindən Oxu.Az-a bildirilib. 

Bu zaman vergi ödəyiciləri Həsənov Azər Nazim oğlunun fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail və Nərimanov rayonlarında yerləşən obyektlərdə (“Su filtirlərinin servisi və saxlanılması anbarı” və “Su filtirlərinin servis ofisi”), Müşkürov Mahmud Mayıl oğlunun Sumqayıt şəhərində yerləşən “Su filtirlərinin servisi və satışı” obyektində və Cəfərov Asim Alim oğlunun Gənçə şəhərində yerləşən ofisində vergi hesabatlarında bəyan etməməklə gəlirləri müəyyən edən maliyyə sənədlərinin saxtalaşdırılaraq külli miqdarda vergidən yayınma, habelə həmin vergi ödəyiciləri tərəfindən əmək müqavilələrinin (kontraktının) hüquqi qüvvəyə minmədən 37 nəfərin işlərə cəlb olunduğu aşkar edilib.

Yol verilmiş qanun pozuntuları müvafiq aktlarla rəsmiləşdirilib. İşçilərdən alınmış izahatlardan aydın olub ki, bu sahədə bir neçə ay ərzində fəaliyyət göstərmələrinə baxmayaraq, onlarla əmək müqaviləsinin (kontraktının) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb.

Araşdırma zamanı nəzarət tədbirinin keçirildiyi obyektlərin vergi orqanında qeydiyyata alınmadığı və nəzarət-kassa aparatı quraşdırılmadan fəaliyyət göstərdikləri müəyyən olunaraq, vergi hesabatlarında bəyan etməməklə külli miqdarda vergilərin gizlədilməsini müəyyən edən sənədlər götürülüb. 

Faktla bağlı materiallar Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. 

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunvericiliklə müəyyən edilmiş vergi öhdəliklərinin vaxtında yerinə yetirilməməsi və işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi halları yolverilməzdir və bu kimi faktların qarşısı gələcəkdə də qətiyyətlə alınacaqdır. 

0
12