Füzulilərin son hadisələrə münasibəti: Ordumuzun qüdrətinə tam əminik

Füzulilərin son hadisələrə münasibəti: Ordumuzun qüdrətinə tam əminik

“Döyüşlərə qatılmaq istəyənlər var”.

Bir neçə gündür ermənilər cəbhə boyu kəndlərimizi şiddətli atəşə tuturlar. Düşmən əsasən mülki vətəndaşlara atəş açır. 

Oxu.Az xəbər verir ki, erməni terrorundan əziyyət çəkən ərazilərdən biri də Füzuli rayonudur.

Füzuli rayon İcra Hakimiyyətinin birinci müavini Bağır Aslanov atışmanın intesivləşməsindən sonra rayonda son vəziyyəti açıqlayıb:

“Yerli əhali öz yerindədir. Atışmanın intensivləşməsinə baxmayaraq, rayon sakinləri öz gündəlik işi ilə məşğuldurlar. Sakinlər ordumuza tam arxayındır, özlərini təhlükəsiz hiss edirlər”.

Füzuli rayonunun cəbhə xəttinə 20 km yaxın olan Qazaxlar kənd sakinlərinin sözlərinə görə, son vaxtlar intensiv atışma qeydə alınır, kənddə hər gün atəş səsləri eşidilir. 

Rayon sakini Elşən Məmmədov bildirib ki, son zamanlar camaat arasında qorxu yox, əksinə böyük ruh yüksəkliyi hiss olunur.

“Ümüdümüz ordumuzadır, daimi onların yanındayıq”. 

Qazaxlar kənd sakini Abbasov Salman deyir ki, hətta 2-5 aprel şiddətli atışmalar olan zaman yerli sakinlər heç bir yerə getməyiblər:

“Yerli sakinlər ordumuzun irəliləməsini istəyir ki, ermənilər bizim torpaqlarımızdan rədd olsunlar. Bütün kənd camaatına silah versələr, ermənilərlə döyüşməyə gedər. Ordumuzun qüdrətinə tam əminik, o səbəbdən də burada ailəli-uşaqlı yaşayırıq.”. 

Yerli sakinlər bildiriblər ki, ordumuz Lələ təpəni alandan sonra onlar özlərini daha da təhlükəsiz hiss edirlər. 

Qazaxlar kənd bələdiyyə sədri Bayramov Zirəddinin sözlərinə görə, son hadisələr zamanı kənd camaatı onlara müraciət edərək döyüşlərə qatılmaq istəyir.

“Müraciət edənlər arasında, hətta yaşlı insanlar da var”.

Elvin Əhmədov
FOTO: Nüsrət Abdullayev

0
13