“Türk dünyasının mədəniyyət paytaxtı-2016”nın açılış mərasimi oldu – FOTO

“Türk dünyasının mədəniyyət paytaxtı-2016”nın açılış mərasimi oldu – FOTO

TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçirildi.

Aprelin 28-də Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, qədim qala divarlarının arasında “Türk dünyasının mədəniyyət paytaxtı - 2016” ilinin təntənəli açılış mərasimi keçirildi.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrdən təmsilçilər, çoxsaylı qonaqlar, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbirdən öncə Şəki şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu. Abidə önünə tər çiçək dəstələri qoyularaq xatirəsi hörmətlə anıldı.

İştirakçıları şəhərin qədim hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəldilər. Burada qonaqlar əvvəlcə Azərbaycan xalqının qədim atüstü oyunu olan çövkən oyununu izlədilər.

Sonra XVII əsr Azərbaycan memarlığının nadir nümunəsi - Şəki xan sarayı ilə tanışlıq oldu. Qonaqlara Sarayın tikilmə tarixi, memarlıq üslubu, həmçinin Şəki xanlığının Azərbaycan tarixində yeri haqqında ətraflı məlumat verildi.

Tədbir çərçivəsində qoruq ərazisində Şərq bazarı, sərgilər, satış yarmarkaları təşkil olunmuşdu, folklor və musiqi kollektivləri, el sənətkarları çıxış edilər, iştirakçılar ləziz Şəki mətbəxi nümunələrinin dadına baxdılar.

Yuxarı Karvansaraya gələn qonaqlara tarixi tikili haqqında məlumat verildi. Onlar burada Şəki sənətkarlarının hazırladığı müxtəlif məmulatlara, əl işlərinə tamaşa etdilər.

Sonra qoruq ərazisindəki Yay teatrında tədbirin rəsmi açılış mərasimi keçirildi.

Tədbirdə TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçirildi. 

Tədbir TÜRKSOY ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimləri çıxışları ilə davam etdi. Proqram rəngarəng ifalarla yadda qaldı.

0
18