Cəbhə bölgəsində xəstə uşaqlar pulsuz ürək əməliyyatı olunur – FOTO

Cəbhə bölgəsində xəstə uşaqlar pulsuz ürək əməliyyatı olunur – FOTO

“Bu əməliyyatlar Avropa ölkələrində 30-35 000 manata icra edilir”.

Azərbaycanda bir qrup həkim Səhiyyə Nazirliyinin dəstəyi ilə Füzuli rayonunun Böyük Bəhmənli kəndinin Tibb Mərkəzində ürək pulsuz əməliyyat keçirirlər.

Oxu.Az xəbər verir ki, əməliyyatları cəbhəyanı bölgəyə ezam olunan Respublika Diaqnostika Mərkəzinin invaziv kardiologiya və ürək-damar xəstəlikləri şöbəsinin tanınmış mütəxəssisləri doktor Rəşad Mahmudov və nümayəndə heyətləri icra ediblər.

Onlar 4 gün ərzində “Uşaqların ürəyi Qarabağda döyünür” şüarı altında 1-10 yaşlı uşaqlarda təmənnasız anadangəlmə ürək qüsurları əməliyyatları həyata keçirirlər.

Əməliyyatları aparan Rəşad Mahmudov jurnalistlərə açıqlamasında bildirib ki, “Uşaqların ürəyi Qarabağda döyünür” şüarı altında keçirilən kampaniyada məqsəd dünya ictimaiyyətini Qarabağa çəkməkdir: 

“35 yaxın ixtisaslaşmış səhiyyə işçisi Füzuli rayona gəlib, ürək xəstəliyindən əziyyət çəkən insanların üzərində müayinələr aparır.

Sevindirici haldır ki bu gün Azərbaycan tibbi, səhiyyəsi kənd şəraitində belə yüksək texnologiyalı əməliyyatların tətbiq olunacaq səviyyəyə gəlib.  

Dövlətimizin bölgələrimizə olan diqqət və qayğısının nəticəsi olan bu layihə, habelə, gələcəyimiz, sabahımız olan körpələrin öz sağlamlıqlarına qovuşması baxımından böyük əhəmiyyət kəsb edən əməliyyatlar zamanı Müalicəvi Diaqnostika Mərkəzinə məxsus ən son texnoloji aparat və avadanlıqlardan istifadə edilir. 

Komandamız son on ildə 10 bölgədə, 1000-dən çox ürək əməliyyatı keçirib”.

Cərrahın sözlərinə görə, əməliyyat olunacaq xəstələr seçilərkən onlar arasında məcburi köçkün olan və illərdir növbə gözləyənlərə üstünlük verilib.

“Əməliyyat olacaq xəstələr bölgə xəstəxanalarına səhiyyə departamentinə müraciət edənlər, üzün illərdi növbə gözləyən insanlardır. Əməliyyat olanlar, əsasən də işğal altında olan bölgədən məcburi köçkün keçici düşərgəsində yaşayan insanların ailəsindəndir”. 

Qeyd edək ki, bu tipli əməliyyatlar Avropa ölkələrində 30-35 000 manata icra edirlər. 

Pulsuz açıq ürək cərrahiyyə əməliyyatı kampaniyası, əməliyyat edilən uşaqların valideynlərinə həyəcan, daha sonra da sevinc yaşadıb.

Mehrac Dadaşov bildirib ki, oğlu Əvəz Dadaşov 17 günlük olanda ona ürək qüsuru diaqnozu qoyulub:

“Əməliyyata maddi imkanımız yox idi deyə uşaq tam sağala bilmirdi, indi şükür ki, əməliyyat olundu”.

Açıq ürək əməliyyatları arasında 1 yaş yarımlıq Yusif Məmmədova da olub. 

Onun valideynləri bir neçə saat davam edəcək əməliyyatdan sonra məmnun olublar.

Əməliyyatlardan sonra Füzuli rayonunun Böyük Bəhmənli kəndində “II Anadangəlmə ürək qüsurlarında yeniliklər” mövzusunda konfrans keçirilib. 

Konfransı kardioloq, millət vəkili Rəşad Mahmudov açıb və onun əhəmiyyətindən danışıb:

“Uşaqların ürəyi Qarabağda döyünür” şüarı ilə yola çıxdığımız bir həftəlik aksiya çərçivəsində ürək-damar xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərə, eləcə də ətraf rayonlardakı vətəndaşlarımıza yüksək ixtisaslı kadrlar tərəfindən ambulator müayinə və müalicələr təşkil olunacaq və açıq ürək əməliyyatları keçiriləcək. 

Elmi-təcrübi konfransfa Füzuli və ətraf rayonlarda fəaliyyət göstərən həkimlərimizlə anadangəlmə ürək xəstəlikləri sahəsində dünyada qazanılmış yeniliklər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaq”. 

R.Mahmudov konfransın işinə uğurlar diləyib və davamlı olmasını arzulayıb.

Fasilədən sonra kardioloq Nəsimi Cabbarov “Anadangəlmə ürək qüsurlarının diaqnostikasında praktik fiziki müayinənin rolu” barədə danışıb və tövsiyələrini verib. 

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

Elvin Əhmədov
FOTO: Nüsrət Abdullayev

0
14