Oqtay Əsədov: Ermənilər başlarını itiriblər

Oqtay Əsədov: Ermənilər başlarını itiriblər

“Ağızlarının dediyini qulaqları eşitmir”.

Bəzi saytlarımız var ki, onlar daha çox silahların növləri, onların hansı məsafədən atılması, yaxud necə idarə olunması ilə bağlı məlumatlar yazırlar. Halbuki indiki şəraitdə cəbhəboyu ərazilərdə baş vermiş hadisələrlə bağlı həqiqətləri dünya ictimaiyyətinə daha dəqiq və dolğun çatdırmaq istiqamətində səyləri gücləndirmək lazımdır.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, parlamentdə deputatlar bu məsələlərdən danışan zaman da diqqətli olmalıdırlar.

“Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sədrləri xarici ölkə deputatlarına, beynəlxalq təşkilatlarda olan həmkarlarına məktub yazmağa üstünlük verməlidir. Həmin məktublarda da həqiqətlər çatdırılmalıdır. Düzdür, məktublar yazılıb, amma bu azdır. Odur ki, bu məsələdə daha aktiv olmaq lazımdır”, - deyə spiker bildirib.

O.Əsədov ABŞ senatorlarının yazdıqları məktublara da toxunub.

“ABŞ senatorları məktub yazırlar və Azərbaycanı təcavüzkarlığı dayandırmağa çağırırlar. Ona görə də bilməyənləri qandırmaq, başa salmaq lazımdır. İndiki dövrdə burada danışmaqdan daha çox parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri xaricdə olan öz həmkarlarına məktub yazmalı və həqiqəti onlara çatdırmalıdır. 

Çoxları, nəinki Azərbaycanın harada olduğunu bilmir, heç problemdən də xəbərləri yoxdur. Ad çəkmək istəmirəm. Ancaq bu yaxınlarda Avropanın nümayəndələrinin qarşısına xəritə qoymuşuq. Onların heç Dağlıq Qarabağın işğal olunmasından da xəbərləri yoxdur. Bu istiqamətdə işimizi artırmalıyıq. Ermənilər yalan məlumatları beynəlxalq ictimaiyyətə yazıb göndərirlər. Biz də bu baxımdan məktubların sayını çoxaltmalıyıq”, - deyə spiker bildirib.

Milli Məclis sədri əlavə edib ki, hazırda ermənilər başlarını itiriblər və ağızlarının dediyini qulaqları eşitmir.

0
21