Ekspert: Vitali Rəhimov qələbəyə görə aldığı pulu qaytarmalıdır

Ekspert: Vitali Rəhimov qələbəyə görə aldığı pulu qaytarmalıdır

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilən yunan-Roma güləşçisi Vitali Rəhimov qazandığı qələbəyə görə verilən mükafatları büdcəyə qaytarmalıdır.

Oxu.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, Vitali Rəhimov hökumətə 562 min ABŞ dollarından çox pul qaytarmalıdır:

“Ölkəmizin nüfuzuna dəyən zərər öz yerində, amma maddi zərər də var. Həmin “medalçı”ya büdcədən 200 min manat, Milli Olimpiya Komitəsindən isə 100 min manat mükafat verilib. Məşqçisinə isə həmin məbləğlərin yarısı, cəmi 450 min manat. O zaman 1 dollar 80 qəpik idi. Deməli, onlara 562 min dollardan çox pul verilib. Bu pullar geri qaytarılmalıdır. Üstəgəl, 8 il ərzində bu puldan əsassız istifadəyə görə dövlətə dəyən zərərin əvəzi də tələb olunmalıdır. Mən hələ medal hesabına əldə edilə bilən digər rəsmi və qeyri-rəsmi gəlirləri demirəm. Bunu da araşdırmaq lazımdır”.

Məsələ ilə bağlı Vitali Rəhimov Qaynarinfo-ya bildirib ki, onu Milli Olimpiya Komitəsinə çağırıblar:

“Qanımda dopinq tapılsaydı, elə Pekində tapılardı. İndi isə dopinqin izləri tapılıb. Baş aça bilmirəm. 19 il idmanla məşğul olmuşam. İlk dəfə görürəm ki, 8 ildən sonra məsələni qaldırıb aktuallaşdırırlar. Məni sabaha Milli Olimpiya Komitəsinə çağırıblar. Gedim, görək, nə deyəcəklər?"

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mais Məmmədov Oxu.Az-a bildirib ki, hazırda bu məsələ ilə bağlı federasiyanın mövqeyi yoxdur:

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Səbəb idmançımızın dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı tapılıb.

Elvin Əhmədov

0
4