Azərbaycan və “İpək Yolu” Vaşinqtonun diqqət mərkəzində – FOTO

Azərbaycan və “İpək Yolu” Vaşinqtonun diqqət mərkəzində – FOTO

Səfirlik məlumat yaydı.

Amerika paytaxtının tanınmış təhsil və elm ocaqlarından olan Cons Hopkins Universitetində müasir İpək Yoluna həsr olunmuş geniş tərkibli konfrans keçirilib. 

Azərbaycanın ABŞ-dakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstanın Vaşinqtondakı Səfirliklərinin Dünya Bankı, ABŞ Ticarət Palatası, Boeinq şirkəti, ABŞ-Azərbaycan Ticarət Palatası, AmCham Azərbaycan və ABŞ Ticarət Palatasının digər regional nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilmiş “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” forumuna 200-dən çox qonaq, o cümlədən ABŞ Hökuməti, ticarət palataları, yerli və beynəlxalq maliyyə və sərmayə təşkilatları, düşüncə mərkəzləri və 50-dən artıq ABŞ şirkəti qatılıb.

Konfransın aparıcısı  Cons Hopkins Universitetinin Orta Asiya-Qafqaz İnstitutunun və İpək Yolu proqramının rəhbəri, tanınmış professor Frederik Starr olub. 

Tədbirə əsas natiq qismində qatılmış ABŞ dövlət katibinin köməkçisinin baş müavini Kurt Tonq çıxış edərək, regionun ticarət və tranzit potensialının təbliği, eləcə də bu sahədə ABŞ şirkətləri ilə əməkdaşlığın təşviqi baxımından forumun əhəmiyyətini vurğulayıb. 

Bu yaxınlarda regiona səfər etdiyini söyləyən K.Tonq, Ələt qəsəbəsində inşa edilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət etdiyini və burada yaradılmış şəraitin onda yüksək təəssürat buraxdığını bildirib. O, region ölkələrinin nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi istiqamətində böyük infrastruktur layihələrinin reallaşdırıldığını və bunun regionumuzdan keçən nəqliyyat dəhlizlərindən istifadə və bu bazarlara sərmayə qoyuluşu ilə bağlı ABŞ şirkətləri üçün əlverişli fürsət yaratdığını qeyd edib. 

O, bu yaxınlarda Azərbaycan, Gürcüstan və Qazaxıstanın birgə nəqliyyat konsorsiumu yaratması və gömrük-tranzit imkanların artırılması məqsədilə aparılan harmonizasiya işləri hər üç ölkə rəhbərinin siyasi iradəsi və tranzit layihələrə dəstək verməsi kimi qiymətləndirib. K.Tonq regionumuzda sülhün üstün gələcəyinə inandığını və məhz regional və iqtisadi inkişafın sülh üçün şərait yaradacağını söyləyib. 

Tədbir region ölkələrinin səfirlərinin çıxışları ilə davam edib. Foruma maraq göstərən və qatılan şirkətlərə və digər qonaqlara minnətdarlığını ifadə edən səfir Elin Süleymanov Azərbaycanın aparıcı rolu ilə regionda həyata keçirilən əhəmiyyətli infrastruktur layihələri barədə danışmış, eyni zamanda regional təhlükəsizlik mühitinə də toxunub.

O, ticarət və qarşılıqlı iqtisadi bağlılığın sülhün və təhlükəsizliyin təminatçısı olduğunu bildirib. Azərbaycanın hər zaman nəinki öz rifahını, eləcə də regionun ümumi inkişafını özünə vacib məqsəd kimi gördüyünü qeyd edən səfir, bu xüsusda Azərbaycanın regionda öz tərəfdaşları ilə əldə etdiyi nailiyyətlərlə fəxr etdiyini və gələcəkdə də regional əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. 

Tarixi İpək Yolunun yalnız ticarət və nəqliyyat dəhlizi kimi yox, eyni zamanda mədəniyyətlər mübadiləsi məkanı olduğunu deyən E.Süleymanov, bu həftə məhz Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının forumunun keçirilməsini xatırladıb və bu qlobal yanaşmanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin baxışını əks etdirdiyini bildirib. 

O, son günlərdə Ermənistanla Azərbaycan arasında yaşanan hərbi gərginliyə istinad edərək, Azərbaycanın və ölkəmizin tərəfdaşlarının müsbət, konstruktiv və əməkdaşlığa yönəlik yanaşmasını münaqişə, etnik təmizləmə və iqtisadi böhrana aparan siyasətlərlə kontrastını vurğulamışdır. Regionumuzun rifahlı gələcəyi yalnız Azərbaycanın və onun tərəfdaşlarının bölüşdüyü baxışlar əsasında mümkündür. 

Çıxış edən Türkiyənin səfiri Sərdar Kılıç, Qazaxıstan səfiri Kairat Umarov və Gürcüstan səfirinin müavini Giorgi Xelaşvili Trans-Xəzər yolunun ölkələri üçün olduqca önəmli layihə olduğunu və bu dövlətlərin Azərbaycanla bu istiqamətdə əməkdaşlığı daha da dərinləşdirilməsi niyyətində olduğunu bildiriblər. 

Tədbirin açılış hissəsi özündə 3 milyon irili-xırdalı şirkəti birləşdirən və bununla dünyanın ən böyük ticarət palatası olan ABŞ Ticarət Palatasının Vitse-Prezidenti Qari Litman çıxış edib. Regionun dərin ticarət tarixi olduğunu qeyd edən Q.Litman region ölkələrinin yüksək insan kapitalına və dinamik cəmiyyətlərə malik olduğunu vurğulayıb. 

 “Trans-Cənubi Qafqaz gömrük və ticarətin inkişafı”, “Dənizdən Dənizə inteqrə edilmiş regional tranzit və loqistika infrastrukturu”, “Sərmayə imkanları” mövzularına həsr edilmiş panellər ABŞ ticarət nazirinin köməkçisinin müavini Maykl Lalli, Dünya Bankının regionumuz üzrə İcraçı Direktoru Yorq Friden və Cons Hopkins Universitetinin professoru, İpək Yolu üzrə tanınmış ekspert Frederik Star tərəfindən idarə edilib.

Panel müzakirələrində Dünya Bankının nümayəndələri ilə yanaşı beynəlxalq loqistika və yükdaşımalar üzrə tanınmış ekspert Maykl Profit, eləcə də Azərbaycan Respublikasının Tranzit Yüklər üzrə koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının İcraçı Direktoru Taleh Ziyadov, “Xəzər Dəniz  Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev, Azərbaycan Dəmiryolları QSC-nin sədrinin müşaviri Vüsal Aslanov və digər region ölkələrinin nümayəndələri iştirak ediblər. 

Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” forumu ABŞ Hökuməti və biznes dairələrində marağa səbəb olmaqla yanaşı, eyni zaman sosial şəbəkələrdə də müzakirələr yaradıb. 

Azərbaycanın “Silk Way Airlines” avia-şirkəti dünyanın aparıcı beynəlxalq şirkətləri ilə yanaşı tədbirə dəstək verən tərəfdaşlar sırasında olub. 

0
26