Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi keçiriləcək

Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi keçiriləcək

Bu il Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 ili tamam olur.

Dövlət Musiqili Teatrından Oxu.Az-a bildirilib ki, N.Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunan tədbir noyabrın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək.

Tədbirin rejissoru Cavid İmamverdiyevdir. Yubiley gecəsində N.Zeynalovanın yaxınları, sənət dostları, vaxtı ilə onunla birlikdə çalışmış həmkarları iştirak edəcəklər.

Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, Nəsibə Zeynalovanın 100 illiyi ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

“Sərəncama uyğun olaraq milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş korifey sənətkar, fitri istedadı ilə xalqımızın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz iz qoymuş, parlaq yaradıcılıq yoluna malik olan Nəsibə Zeynalovanın 100 illik yubiley keçiriləcək.

Yubiley tədbirləri çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış N.Zeynalovanın yaradıcılıq yolunu əhatə edən səyyar sərginin teatrımızda, aktrisanın iştirakı ilə çəkilmiş bədii filmlərin Nizami Kino Mərkəzində nümayişi və qüdrətli sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitabın (müəllifi İ.Rəhimli) və fotoalbomun nəşr edilməsi nəzərdə tutulur”, - deyə Ə.Lalayev bildirib.

Qeyd edək ki, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya göz açıb. Əslən bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən və Azərbaycan teatrının ilk aktyorlarından biri olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam etdirərək aktyorluq peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktrisanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib. Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakı şəhərində vəfat edib.

A.S.

0
7