Cinayət Məcəlləsində dəyişikliklər edilməsinə vəkildən şərh

Cinayət Məcəlləsində dəyişikliklər edilməsinə vəkildən şərh

Baş prokuror Zakir Qaralov tərəfindən Milli Məclisə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi təqdim edib.

Xəbər verildiyi kimi, sözügedən qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

Layihəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir edənlər 1000 manatdan 1500 manatdək və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihədə qeyd edilir ki, Azərbaycan Prezidentinin şərəf və ləyaqətini kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 500 manatdan 1000 manatadək cərimə və ya 2 ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin hazırkı variantında bu cərimə yalnız Azərbaycan Prezidentinın şərəf və ləyaqətinin ləkələnməsi və ya alçaldılması kütləvi informasiya vasitəsi və kütləvi çıxışlarda edildiyi zaman tətbiq edilir.

Oxu.Az xəbər verir ki, Milli Məclisin plenar iclasına tövsiyə edilən qanun layihəsini hüquq üzrə elmlər doktoru, Vəkillər Kollegiyasının üzvü Ayxan Rüstəmzadə şərh edib.

Hüquqçu alimin sözlərinə görə, baş prokuror Zakir Qaralov tərəfindən Milli Məclisə təqdim olunan qanun layihəsində qeyd olunan təkliflər Azərbaycan Respublikasının cinayət qanunvericiliyi üçün yeni deyil:

“Belə ki, Azərbaycan Respublikasının hal-hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 323.1-ci maddəsinə əsasən, Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Başqa sözlə desək, Cinayət Məcəlləsinin hazırkı redaksiyasında prezidentin şərəf və ləyaqətinin təhqir olunması kriminallaşdırılmışdır.

Həmçinin, həmin cinayətin obyektiv cəhətini təhlil etdikdə müəyyən olunur ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun definitiv normaları özündə əks etdirən 3-cü maddəsində kütləvi informasiya vasitəsi anlayışı aşağıdakı kimi leqal definisiya olunmuşdur: “kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları”.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il 7 saylı qərarında məhkəmələrə izah olunmuşdur ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir.

Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.

Bu baxımdan sosial şəbəkələri də kütləvi informasiya vasitəsi, burada yayılan məlumatları və fikirləri də kütləvi nümayiş etdirilən əsər, yaxud kütləvi çıxış kimi xarakterizə etmək mümkündür.

Həmçinin. 2013-cü ildə Cinayət Məcəlləsinin 147-ci (Böhtan) və 148-ci (təhqir) maddələrinin obyektiv cəhətinə həm böhtan və ya təhqir xarakterli məlumatların kütləvi çıxışlar, kütləvi nümayiş etdirilən əsər, kütləvi informasiya vasitəsi ilə yanaşı, həm də kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında yayılması elementi daxil edilmişdir ki, bu element də mahiyyət etibarilə sosial şəbəkələri də ehtiva edir.

Beləliklə, Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin obyektiv cəhətinə belə bir element daxil edildiyi halda, analoji tərkibli lakin başqa növ ictimai münasibətlərə qəsd edən maddəyə - yəni 323-cü maddəyə (Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma) də həmin elementin daxil edilməsi məqsədəuyğundur”.

“Başqa sözlə desək, necə ola bilər ki, vətəndaş haqqında və ya digər fiziki şəxslər haqqında böhtan və ya təhqir xarakterli məlumatların kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında (məsələn, sosial şəbəkələrdə) yayılması cinayət tərkibi yaratdığı halda, analoji xarakterli məlumatların dövlət başçısı haqqında və analoji metodla yayılması cinayət məsuliyyəti yaratmasın?

Odur ki, 2013-cü ildə Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddəsinə edilmiş dəyişikliklərin analoji qaydada həmin Məcəllənin 323-cü maddəsinə də normaqrafik qaydada tətbiq olunması təbii haldır.

Həmçinin ictimai münasibətləri, istehsal vasitələri, cəmiyyət inkişaf etdikcə, elmi texniki tərəqqi və elmi texniki inkişaf mövcud qanunvericiliyə, o cümlədən cinayət qanunvericiliyinə də sirayət edir.

Belə olan təqdirdə cinayət qanunvericiliyi də dövrün tələblərinə, informasiya texnologiyalarının inkişaf tempinə uyğun şəkildə redaktə edilməli və təkmilləşdirilməli, müasir internet texnologiyalarının məhsulu olan sosial şəbəkələr və sosial informasiya resursları faktorunu nəzərə almalıdır.

Konstitusional hüquqi aspektdən məsələyə yanaşdıqda qeyd olunmalıdır ki prezidentin şərəf və ləyaqətinin müdafiəsi onun toxunulmazlığının tərkib komponentidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığını müəyyən edən 106-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.

Belə olan təqdirdə qətiyyətlə qeyd etmək olar ki, təklif olunan dəyişikliklər konstitusion hüquqi əsaslara malikdir.

Məsələyə “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Kontitusiya Qanunun prizmasından yanaşdıqda hesab edirəm ki, toxunulmazlığın bu komponenti - şərəf və ləyaqətin müdafiəsi prezidentin həyat yoldaşına (bu hissəyə xüsusi nəzər yetirməli) da şamil edilməlidir.

Məsələn, sözügedən qanunun 11-ci maddəsinə nəzər yetirdikdə aydın olur ki, keçmiş Prezidentin toxunulmazlığının tərkib hissəsi olan cinayət prosessual və inzibati prosessual immunitet onun həyat yoldaşına da şamil olunmuşdur.

Bununla yanaşı, keçmiş prezidentə şamil olunan bir sıra digər imtiyazlar və immunitetlər də onun həyat yoldaşına şamil olunmuşdur. Ona görə hesab edirik ki, prezidentin toxunulmazlığının tərkib hissəsi olan şərəf və ləyaqətin müdafiəsi hüququ da analoji qaydada prezidentin həyat yoldaşı və ümumilikdə ailə üzvlərinə də şamil edilməlidir.

Bu sahədə komparativistikaya müraciət etməyin, komparativ yanaşmanın əleyhinəyəm. Hərçənd ki, bu sahədə analoji qanunvericilik aktları olan çoxsaylı ölkələr, o cümlədən Qərb ölkələri mövcuddur. Məsələn, Türkiyədə. Lakin bununla belə hesab edirəm ki, hər bir ölkənin dövlət quruluşu, hüquq sistemi, qanunvericilik praktikası, ictimai münasibətləri spesifikdir, xüsusidir və hər biri özlüyündə bir modeldir”. – deyə, Ayxan Rüstəmzadə bildirib.

Qeyd olunan məsələ ilə bağlı tərəfimdən Milli Məclisə müraciət olunacaqdır ki, deputatlar qanuna dəyişiklik edərkən Prezidentlə yanaşı, onun ailə üzvlərinin də şərəf və ləyaqətinin müdafiəsi məsələsinə baxsın.

E.Ə.

0
5