Azərbaycan bir sıra ölkələrlə ikiqat vergitutmanı aradan qaldıracaq

Azərbaycan bir sıra ölkələrlə ikiqat vergitutmanı aradan qaldıracaq

“Son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycanın imzaladığı 51 sazişdən 47-si artıq qüvvəyə minib, qalanları isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək”.

Oxu.Az-a Vergilər Nazirliyindən verilən məlumata görə, bu sözləri Vergilər nazirinin müşaviri Riyad Hüseynov müsahibəsində bildirib.

Nazirin müaşviri deyib ki, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi yeni tərəfdaşların cəlbini zəruri edib:

“Təbiidir ki, bu müqavilələr hazırlanarkən, ilk növbədə, ölkəmizin iqtisadi əlaqələrinin güclü olduğu dövlətlərə xüsusi diqqət yetirilir. Müqavilələrdən 23-ü Avropa İttifaqına üzv ölkələrlə bağlanıb, digər müqavilələr isə respublikamızın əsas xarici ticarət tərəfdaşlarını, iqtisadi əlaqələrimizin mövcud olduğu və ya iqtisadi maraq doğuran dövlətləri əhatə edir.

Bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşların cəlb edilməsini obyektiv zərurətə çevirir”, - deyə R.Hüseynov qeyd edib.

Onun sözlərinə görə, hazırda Vergilər Nazirliyi bu istiqamətdə sistemli iş aparır:

“İkiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlərin imzalanması ölkədə əlverişli investisiya mühitinin yaradılmasına birbaşa təsir göstərməklə yanaşı, həm də vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanlarının bir-birinə qarşılıqlı yardım göstərməsi üçün əlavə imkanlar yaradır”.

R.Hüseynov gələcəkdə bir sıra belə ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması üçün sazişlərin imzalanacağını qeyd edib:

“İspaniya, Malta, İsveç və İordaniya ilə imzalanmış analoji sənədlər Azərbaycan Respublikası tərəfindən təsdiq edilib və qarşı tərəflərdən də dövlətdaxili prosedurlar bitdikdən sonra qüvvəyə minəcək.

Bunlardan əlavə, müqavilələrin layihələri üzrə Mərakeş, İrlandiya, İsrail, Danimarka, Sinqapur və Slovakiya ilə razılıq əldə edilib və gələcəkdə həyata keçiriləcək rəsmi səfərlər və ya görüşlər zamanı bu sənədlərin də imzalanması nəzərə tutulur.

Türkmənistan, Portuqaliya, Oman, Albaniya, Qırğızıstan, Hindistan, Suriya, Banqladeş və Malayziya ilə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin razılaşdırılması üzrə işlər aparılmaqdadır”.

U.A.

0
10