“Asiya İnkişaf Bankı” Azərbaycanla bağlı 3 illik prioritetlərini açıqladı

“Asiya İnkişaf Bankı” Azərbaycanla bağlı 3 illik prioritetlərini açıqladı

Bank indiyə qədər Azərbaycana 2,8 milyard dollar vəsait ayırıb.Noyabrın 15-də İqtisadiyyat naziri Şahin Mustafayev “Asiya İnkişaf Bankı”nın (AİB) vitse-prezidenti Vençay Zanqla görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan və AİB əməkdaşlığının genişləndirilməsi perspektivləri, bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nazir Ş.Mustafayev Azərbaycanın “Asiya İnkişaf Bankı” ilə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına maliyyə dəstəyi göstərdiyini qeyd edib.

Bildirilib ki, indiyədək AİB tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə 2,8 milyard dollar kredit ayrılıb.

Qeyd olunub ki, AİB-lə infrastruktur layihələrinin icrası istiqamətində əməkdaşlıq davam etdirilə bilər. Bu istiqamətdə həmçinin xüsusi iqtisadi zonalara, xüsdusilə Ələt azad ticarət rejimli xüsusi iqtisadi zonasında və sənaye parklarında birgə layihələr həyata keçirilməsi mümkündür.

Nazir qeyd edib ki, AİB-in kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlığının genişləndirilməsi və özəl sektora ayrılan kreditlərin həcmini artırılması önəmlidir.

Həmçinin bildirilib ki, AİB real sektora birbaşa kredit xətləri açmaqla bərabər, şirkətlərin səhm kapitalında payçı kimi iştirak edə, kənd təsərrüfatı sahəsində aqrobiznes layihələrində dövlət-özəl-bank əməkdaşlığı formatında layihələrə qoşula bilər. Nazir Şahin Mustafayev iqtisadiyyatın digər sahələrində də AİB-lə əməkdaşlıq perspektivləri barədə fikirlərini bildirib.

Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Zanq bankın Azərbaycanla 1999-cu ildən uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, AİB-in növbəti 3 il üçün prioritetləri barədə məlumat verib.

Azərbaycan-AİB əlaqələrinin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşən Vençay Zanq infrastruktur, enerji, göllərin təmizlənməsi, xüsusi iqtisadi zonaların yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

U.A.

0
6