“Fastfood”: Əlüstü yemək, yoxsa...

“Fastfood”: Əlüstü yemək, yoxsa...

Paytaxtın küçələrində “fastfood” yeməklər təklif edən obyektlərin sayı yağışdan sonra göbələk kimi artmaqdadır.

Bəh-bəhlə alıb yediyimiz və uşaqlarımıza yedirdiyimiz dönərlərin hazırlanmasında istifadə edilən ərzaqların Azərbaycanın Azad İstehlakçılar Birliyinin Qida təhlükəsizliyi tələblərinə uyğun keyfiyyətli və təhlükəsiz olduğuna dair zəmanətimiz varmı? Onların gələcəkdə ağır xəstəliklərə səbəb olmayacağına əminsinizmi? Bəs bu obyektlərdə bütün sanitariya qaydalarına əməl edilirmi? Təəssüf ki, əksər hallarda yalnız kağız üzərində!

Bu mövzuya müraciətimizə, oxucumuzun redaksiyaya zəng edərək şahidi olduğu hadisəni bizimlə bölüşməsi səbəb oldu. Bakının mərkəzində, (təkrar etmək istərdik şəhərin mərkəzində!) dönər satılan obyektdə istifadə edilən ət, üzərinə çəkilən streç-politelin ilə bərabər bişirilib və alıcılara təqdim edilib.

Qısa bir arayış: dönər üçün bişirilən ətin yalnız üz tərəfi qızarır, içi isə çiy qalır. Kəsilərək qaba tökülən ətin daxildə olan qanı axaraq doğranmış hissəyə qarışır. Həmin qan ilə hazırlanan dönər vasitəsilə heyvanda olan xəstəliklər istehlakçılara, yəni bizlərə ötürülür.

İndi isə bütün bunların üstünə həmin əti soyuducuya qoyarkən bükülən streç adlanan politelini də əlavə edin və orqanizminizə dəyən zərəri özünüz hesablayın. Ən dəhşətlisi isə baş verən bu hadisəyə müdaxilə edən şəxsə “demaqoq” damğası vurulub və təbii ki, şəkil çəkməyə icazə verilməyib.

Bunun qanunvericilik vasitəsilə necə qiymətləndirildiyi və hansı ölçünün götürüldüyü barədə məlumat almaq üçün hüquqşünasa müraciət etdik. Verilən məlumata görə, hüquqi nöqteyi-nəzərdən bu əməli qanuni yolla cəzalandırılması üçün Azad İstehlakçılar Birliyinə müraciət edərək günahkarın cərimələnməsinə nail olmaq mümkündür. Əməl nəticəsində ölüm hadisəsi baş verdiyi hada, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılır.

Sonda isə təəssüflə qeyd etməliyik ki, bu nə ilk, nə də ki son deyil! Səbəb də, günah da bizdədir, istehlakçıların özündədir. Çünki hüquqi bir dövlətdə yaşadığmız halda nə istehlakçı hüquqlarımızı bilirik, nə də onları tələb edirik! Hörmətli oxucularımız belə hadisələrlə qarşılaşdığınız halda sağlamlığınız, gələcəyiniz üçün istehlakçı hüquqlarınızı qoruyun və müvafiq qurumlardan ölçü götürülməsini tələb edin, çünki susduğunuz qədər haqlarınız pozulacaq.

Səbinə Səmidxan

0
4