3 səhmdar cəmiyyət özəlləşdirildi

3 səhmdar cəmiyyət özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilən hərracda 18 əmlak özəlləşdirilib. Komitənin mətbuat xidmətindən Lenrt.az-a verilən məlumata görə, bunun 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si kiçik dövlət müəssisəsi, 3-ü səhmdar cəmiyyəti, 1-i isə nəqliyyat vasitəsi olub. Hərrac nəticəsində dövlət büdcəsinə 1,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, bir neçə qeyri-yaşayış sahəsinə verilən sifarişlərin çoxluğu səbəbindən bu əmlakların satışı üzrə hərraclar rəqabətli olub və ən yüksək qiyməti təklif edən qalib elan edilib. Hərracların rəqabətli şəraitdə keçməsi bir daha investorların və potensial alıcıların belə hərraclara olan yüksək marağının əyani göstəricisidir.

Hərracda satılmış istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Hərracda Bakı şəhəri Nəsimi rayonunda yerləşən və start qiyməti 18 min manat olan qeyri-yaşayış sahəsi rəqabət nəticəsində 45 min manata satılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 12 min manata təklif olunduğu halda, 12 min 500 manata özəlləşdirilib. Hərracda satılmış 2 kiçik dövlət müəssisəsinin biri Bakıda, digəri isə Mingəçevirdə yerləşir.

Hərracda özəlləşdirilmiş “İmişli Pambıq” və “Neftçala Pambıq” səhmdar cəmiyyətləri ölkədə hazırda aktual olan pambıqçılıq sahəsinin inkişafı üçün perspektivli iri müəssisələrdir. Hərracda özəlləşdirilmiş digər iri müəssisə isə Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi olub. Qeyd edək ki, özəlləşdirilmiş müəssisələrə investisiya qoyuluşu sayəsində bu müəssisələrin tamamilə yenidən qurulması və müasir standartlara uyğun tam fəaliyyəti təmin ediləcək.

Noyabrın 22-də keçiriləcək növbəti hərracda 78 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılacaq.

0
3