Luis Hamilton Braziliya Qran-prisinin qalibi olub – FOTO

Luis Hamilton Braziliya Qran-prisinin qalibi olub – FOTO

Formula-1 üzrə dünya çempionatının noyabrın 11-13-də keçirilən iyirminci yarışında – Braziliya Qran-prisində “Mercedes”in britaniyalı pilotu, hazırkı çempion Luis Hamilton cari mövsümdə növbəti qələbəsini qazanıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iyirminci yarışda pilotlar İnterlaqos avtodromunda uzunluğu 4309 metr olan trekdə mübarizə aparıblar.

Luis Hamilton yarışı 3 saat 1 dəqiqə 1,335 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 11,455 saniyə geridə qalan Niko Rosberq (“Mercedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 21,481 saniyə sonra finişə çatan Maks Ferstappen (“Red Bull Racing”, 15 xal) tamamlayıb.

İyirminci Qran-pridən sonra “Mercedes”in pilotu Niko Rosberq 367 xalla liderliyini davam etdirir. Cari mövsümdə N.Rosberqin komanda yoldaşı L.Hamilton ilə xal fərqi 12-yə çatıb. L.Hamiltonun hesabında 355 xal var və britaniyalı pilot ikinci pillədə qərarlaşıb.

Aktivində 246 xal olan Daniel Rikkardo (“Red Bul Racing”) üçüncü, Sebastian Vettel (“Ferrari”) 197 xalla dördüncü və 192 xala sahib olan Maks Ferstappen isə beşincidir.

Çempionatın sonuncu – iyirmi birinci yarışı noyabrın 25-27-də Əbu-Dabidə keçiriləcək.

Yarışın səkkizinci mərhələsi – Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçirilmişdi. Mərhələnin qalibi “Mercedes”in pilotu Niko Rosberq olmuşdu.

A.M.

0
5