Böyük Teatrın solisti Elçin Əzizov Bakı tamaşaçısını yenidən fəth etdi - FOTO

Böyük Teatrın solisti Elçin Əzizov Bakı tamaşaçısını yenidən fəth etdi - FOTO

Bakıda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Jorj Bizenin “Karmen” operasının nümayişi olub. Rusiyanın Dövlət Akademik Böyük Teatrının qabaqcıl solisti, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı Elçin Əzizov (Eskamilyonun partiyası) iki ildən sonra yenidən doğma Bakıda böyük uğurla çıxış edib.

Oxu.Az xəbər verir ki, bu opera dünya opera incəsənəti xəzinəsinə daxil edilib və melomanlarla opera incəsənəti sevərləri arasında böyük populyarlıq qazanıb. Opera teatrının rəhbərliyi tərəfindən Karmen partiyasını ifa etmək üçün ilk dəfə olaraq Avropada ən çox tələb olunan opera müğənnilərindən biri, Vrotslavsk Opera Teatrının (Polşa) qabaqcıl solisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı İrina Jitinska dəvət edilmişdi. Onun qastrolları Danimarka, Hollandiya, Almaniya, Finlandiya, İspaniya, Fransa, İtaliya, Yunanıstan və Portuqaliyanın opera teatrlarında triumfla keçib. O, Lissabonda (Portuqaliya) keçirilmiş beynəlxalq opera incəsənəti festivalında Karmen partiyasının ən yaxşı ifaçısı mükafatına layiq görülüb.

Tamaşada, həmçinin Ukrayna Milli Operasının qabaqcıl solisti, Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı Andrey Romanenko (Xozenin partiyası), Opera və Balet Teatrının qabaqcıl artistləri - Azərbaycanın xalq artisti Əli Əsgərov (Tsuniqonun partiyası), Azərbaycanın əməkdar artistləri İnarə Babayeva (Mikaelanın partiyası), Gülnaz İsmayılova (Fraskitanın partiyası), Səbinə Əsədova (Mersedesin partiyası), solistlər Tural Ağasıyev (Dankaykonun partiyası) və Əliəhməd İbrahimov (Romendadonun partiyası) iştirak ediblər. Tamaşanın dirijoru beynəlxalq dirijorlar müsabiqələrinin laureatı Eyyub Yaqubov olub.

Tamaşa artistləri ayaqüstə alqışlayan zaldakı tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.

A.S.

0
10