Bakı Şəhər Halqasının nümayəndələri beynəlxalq avtoidman forumunda

Bakı Şəhər Halqasının nümayəndələri beynəlxalq avtoidman forumunda

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nümayəndə heyəti noyabrın 9-10-da “Moscow Raceway” avtodromunda keçirilmiş “Russian Motorsport Forum” adlı beynəlxalq avtoidman forumunda iştirak edib.

Əməliyyat Şirkətindən Oxu.Az-a verilən məlumata görə, Rusiya və ona yaxın regionda yerləşən ölkələrdən ümumilikdə 250-dən çox avtoidman nümayəndəsinin iştirak etdiyi forumda bölgədə mövcud çətinliklərin həlli və avtoidmanın gələcək inkişafı müzakirə olunub.

Tədbirdə milli və beynəlxalq yarışların təşkilatçıları, federasiya və aparıcı komandaların nümayəndələri, avtodrom rəhbərləri, sahibkarlar və avtoidman jurnalistləri iştirak ediblər.

BŞH-nın nümayəndələri ilə yanaşı Kamaz-master, Rusiya Dairəvi yarışların nümayəndələri, Moscow Raceway, Nürburgring avtodromu, Kaspersky Lab, Volkswagen, Renault və Petronas kimi şirkətlərin nümayəndələri də foruma qatılıb.

Bakıda keçirilmiş Formula 1 Avropa Qran Prisinin təşkilatçısı Arif Rəhimov forumda çıxış edərək şəhər yarışlarının təşkili prosesindən danışıb və gələcək mövsümlə əlaqədar planları tədbir iştirakçıları ilə bölüşüb. A.Rəhimov ilk dəfə olaraq Bakıda keçirilən Avropa Qran Prisində Bakı Şəhər Halqasının şəhər yarışları arasında ən sürətli trek ünvanına yiyələnməsini xatırladıb.

O, dünyanın 47 ölkəsindən Bakıya təşrif buyurmuş qonaqların Valtteri Bottas tərəfindən (rəsmi olaraq 366km/saat, qeyri-rəsmi olaraq 378km/saat) müəyyən edilmiş yeni sürət rekorduna şahid olduqlarını və “Williams Martini Racing” komandası daha bir yeni rekorda - ən sürətli pit-stop əməliyyatına 1.92 saniyə ilə imza atdığını bildirib.

E.Ə.

0
10