BMT baş katibi diabetdən əziyyət çəkənlərin sayını açıqladı

BMT baş katibi diabetdən əziyyət çəkənlərin sayını açıqladı

“Diabet bütün dünyada zəif görmənin və görmə qabiliyyətinin itməsinin əsas səbəblərindən biridir. Bu dəyişikliklər ağrısız və tədricən baş verdiyi üçün insanlar çox vaxtı yalnız görmə qabiliyyəti tamam pisləşdiyi vaxt problemin olduğunu dərk edirlər. Bu mərhələdə görməni yaxşılaşdırmaq və ya bərpa etmə etmək üçün çox gec ola bilər”.

BMT-nin Azərbaycandakı Nümayəndəliyindən Oxu.Az-a bildirilib ki, bunu BMTbaş katibi Pan Gi Mun Ümumdünya Diabetlə Mübarizə günü münasibətilə müraciətində deyib.

Müraciətdə qeyd olunub ki, diabetdən əziyyət çəkən bütün insanların nəyə diqqət yetirilməli olduğunu bilən və məsləhətlər vermək, müalicə təyin etmək iqtidarında olan ixtisaslı mütəxəssislərə müraciət edərək, görmə qabiliyyətinin mütəmadi yoxlanılmasını təmin etməsi vacibdir.

“İnsan qanda olan qlükozanın miqdarına və qan təzyiqinə nəzarət edə bilirsə, qan damarlarında dəyişiklik riskini azalda bilər. Hətta dəyişikliklər baş verdiyi hallarda belə, müasir müalicə sayəsində dəyişiklik prosesini ləngitmək olar”,- deyə müraciətdə qeyd olunub.

Müraciətdə bildirilib ki, ildən ilə, əsasən əhalinin yaşlanması və artıq çəkili insanların sayının artması üzündən, diabet getdikcə daha çox yayılmış xəstəliyə çevrilir: “Son 35 ildə diabet xəstəliyinə tutulma səviyyəsi demək olar, iki dəfə artıb və ən çox artım az və orta gəlirli ölkələrdə baş verib. Hazırda 422 milyon insan diabetdən əziyyət çəkir. Bu xəstəlik ömür müddətini qısaldır və onunla mübarizə aparılmadığı təqdirdə, əl və ya ayaq amputasiyası, iflic və ya böyrək çatışmazlığı kimi ciddi fəsadlara yol aça bilər. Diabet ailə büdcələri və ölkə iqtisadiyyatı üçün ağır fəsadlar törədir. Bu beynəlxalq gündə, mən, hamımızı onun “Diabeti gözdən qoymayaq” mövzusuna uyğun hərəkət etməyə çağırıram. Gəlin, onun profilaktikasına və səhiyyə xidmətlərinin gücləndirilməsinə daha çox diqqət yetirək ki, sağlamlığı alan bu xəstəlikdən əziyyət çəkən hər bir insan ehtiyac duyduğu dəstəyi ala bilsin”.

N.О.

0
4