Taekvondoçularımız hamıdan güclü oldu: 1 "qızıl", 4 "bürünc"

Taekvondoçularımız hamıdan güclü oldu: 1 "qızıl", 4 "bürünc"

Xorvatiyanın Zaqreb şəhərində təşkil edilən ənənəvi “Croatia Open” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda kişilərdən ibarət milli komandamız 7 idmançı ilə təmsil olunub.

G1 kateqoriyalı beynəlxalq yarışda təmsilçilərimiz uğurlu çıxış edərək 1 qızıl və 4 bürünc medala sahib olublar.

“Arena Zaqreb” idman kompleksində keçirilən və sayca 22-ci olan açıq turnirdə baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Avropa çempionu, XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Hərçəqani fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad, rəqiblərindən Stoyan Rabiyakı 17:8, Mario Zekici 12:0, Nikolaos Tzellosu 12:3, İvan Karaylovici 18:4, Roberto Bottanı məğlub edərək yarışın qızıl medalını qazanıb.

Hərçəqaninin komanda yoldaşlarından 63 kq çəki dərəcəsində mübarizəyə qatılan Məhəmməd Məmmədov, Səid Quliyev (74 kq), Sina Bahrami (68 kq) və Payam Qobadi Oğaz (87 kq) yarımfinal mərhələsinədək inamla irəliləsə də, finala vəsiqə uğrunda qarşılaşdığı rəqiblər keçilməz olub.

Ayxan Tağızadə (68 kq) Jure Pantar (9:1) və Vasileios Gaitanisi (13:2) üstələsə də, Məhəmməd Ketbi ilə mübarizədən məğlub ayrılıb.

Zədələr səbəbindən uzun müddət yarışlara qatıla bilməyən Ramin Əzizov (87 kq) isə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Belə ki, Daniel Abbafati (16:4) və Pablo Fernandez Eirası (6:1) məğlub edən Raminin yarımfinal uğrunda qarşılaşdığı rəqib Yassene Trabelsi olub. Maraqlı keçən mübarizədə qızıl xalı Trabelsi hesabına yazmağı bacarıb.

Dünya və Avropa çempionu, dünya kubokunun sahibi, XXXI Yay Olimpiya Oyunlarının qalibi Radik İsayev də (+87kq) Xorvatiyaya yollansa da, zədə səbəbindən yarışa qatıla bilməyib.

Qeyd edək ki, kişilərdən ibarət milli komandamız 5 medalla komanda hesabında ilk pilləyə sahib olub.

0
13